Türkiyənin qarşıdakı beş ili əhatə edəcək İnkişaf Planı hazırlanaraq parlamentə təqdim olunub.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesabından məlumat yayılıb.

Məlumatda deyilir: “2053 hədəfləri əsasında hazırladığımız və Türkiyənin gələcək beş ili üçün yol xəritəsi olacaq 12-ci İnkişaf Planımızı tamamladıq. Peşəkar təşkilatlar və iş dünyasının təmsilçiləri ilə ortaq fikir əsasında hazırlanan plan müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə təqdim edilib”.

Plan “Bacarıqlı insan, möhkəm ailə, sağlam cəmiyyət”, “Sabit inkişaf, güclü iqtisadiyyat”, “Yaşıl və rəqəmsal transformasiya ilə rəqabətədavamlı istehsal”, “Təbii fəlakətlərə davamlı yaşayış sahələri, davamlı ətraf mühit” və “Ədalətə əsaslanan demokratik, yaxşı idarəçilik” olmaqla beş əsas istiqaməti əks etdirir.