Azərbaycanın turizm destinasiyası olaraq təbliği məqsədilə oktyabrın 16-da Hindistanın Nyu-Delhi şəhərində seminar keçirilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, 50-dək turizm agenti və turoperatorun iştirak etdiyi seminarın əsas məqsədi ölkəmizin turizm imkanlarını nümayiş etdirmək və Hindistan turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını artırmaqdır.

Seminarda Azərbaycan turizminə dair təqdimat və videoçarxlar nümayiş etdirilib, interaktiv sual-cavab sessiyası təşkil olunub.

Hindistanda Azərbaycanın turizmi ilə bağlı təbliğat tədbirləri oktyabrın 18-də Banqalorda gerşəkləşib. Ayın 28-də isə Mumbay şəhərində davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr dövründə Hindistandan Azərbaycana səfər edənlərin sayı 77 mindən çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 115 faiz artım deməkdir.