Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan infrastruktur layihələrindən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikinti işləri yekunlaşmaq üzrədir.

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistralının Şükürbəyli kəndindən (Cəbrayıl rayonu) keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinədək çəkilən yolun uzunluğu 39.7 km-dir.

4 hərəkət zolaqlı yolun 2, 19, 20, 27, 31 və 39-cu km-lərində 6 avtomobil körpüsü, həmçinin zəruri yerlərdə beton və daş istinad divarları inşa edilib.

Yolboyu torpaq işləri artıq 100 faiz icra olunub. Hazırda yol əsasının və çiyinlərin tikintisi, həmçinin asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işlərin 2023-cü ilin sonunadək başa çatdırmağı planlaşdırır.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Cəbrayıl şəhəri və Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.