TÜRKSOY-un baş katibi Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
“Zati-alinizin rəhbərliyi ilə dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünün qeyd olunduğu bu il Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkənin bütün şəhər və rayonlarında qürurla dalğalanır”.
Bu sözlər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raevin 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda yer alıb.
Prezident İlham Əliyevi və Azərbaycan xalqını TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adından təbrik edən Sultan Raevin məktubunda deyilir: “Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı olaraq Zati-aliniz tərəfindən uğurla davam etdirilir. Sizin müəyyənləşdirdiyiniz uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahələrdə böyük tərəqqi və inkişafa nail olmuşdur”.
Baş katib onu da qeyd edib ki, Azərbaycan Prezidentinin TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə bu günlərdə (15 oktyabr) Bakıda keçirilən təntənəli mərasimə ünvanladığı təbrik məktubu bizi daha da ruhlandırıb və ortaq türk mirasının qorunması, təbliği ilə bağlı gerçəkləşdirəcəyimiz irimiqyaslı layihələrdə Azərbaycanın gələcəkdə də TÜRKSOY-a geniş dəstək verəcəyinə əminliyimizi artırıb.