Azərbaycan nümayəndə heyəti BMT-nin Dünya Turizm Təşkilatı (DTT) Baş Assambleyasının 17-20 oktyabrda Özbəkistanın Səmərqənd şəhərində keçirilən 25-ci sessiyasında iştirak edir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Assambleya çərçivəsində keçirilən Qlobal investisiya və təhsil forumlarında təmsil olunub.

Xatırladaq ki, bu ilin martında DTT-nin Avropa Komissiyasının Bolqarıstanın Sofiya şəhərində keçirilmiş 68-ci iclasında Azərbaycan təşkilatın İcraiyyə Şurasına üzv seçilib. 25-ci Baş Assambleya çərçivəsində ölkəmizə üzvlük səlahiyyətləri verilməsi barədə qərar qüvvəyə minəcək.

Səfər çərçivəsində Fuad Nağıyev Braziliyanın turizm naziri Celso Sabino de Oliveira ilə görüşüb. İki ölkə arasında turizm üzrə əməkdaşlıq üçün media və turizm şirkətləri nümayəndələrinin iştirakı ilə qarşılıqlı tanıtım və təbliğat tədbirləri, eləcə də tanışlıq səfərlərinin təşkili məsələləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin 20 oktyabrda Səmərqənddə keçiriləcək DTT İcraiyyə Şurasının 120-ci sessiyasında da iştirakı nəzərdə tutulur.