Şəhər və kəndlərimiz ən müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulacaq

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin üçüncü ildönümü münasibətilə bu rayona səfər edib, yenidən qurulan Füzuli şəhərində daha iki yaşayış məhəlləsinin, eləcə də rayonun Cuvarlı və Qoçəhmədli kəndlərinin təməlini qoyub. Füzuli şəhərində inşa olunan birinci yaşayış məhəlləsində bu ilin avqustundan məskunlaşma başlayıb. Ötən müddətdə 258 ailə (928 nəfər) doğma şəhərdə yeni mənzillərə köçüb və bu proses davam edəcək.

Dövlət başçısının iştirakı ilə oktyabrın 16-da təməli qoyulan ikinci və üçüncü yaşayış məhəllələrində ümumilikdə 5200-dən çox insan yaşayacaq. Baş plana uyğun olaraq, inşa ediləcək ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Ümumilikdə 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılıb. İkinci yaşayış kompleksində 1, 2, 3 və 4 otaqlı ümumilikdə 653 mənzil olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.

Üçüncü yaşayış kompleksi də çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub.

Dövlət başçısı Füzuli şəhərində 240 yerlik uşaq bağçasının da təməlini qoyub. Bildirilib  ki, uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq.

Prezident İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Cuvarlı kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov kənddə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Cuvarlı kəndinin layihələndirilən ümumi ərazisi 115 hektardır. Kəndə 1697 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək. Kəndin inşasının birinci mərhələsi üçün 28,1 hektar torpaq sahəsi ayrılıb və 129 fərdi ev tikiləcək. Kənddə çoxfunksiyalı inzibati bina, Bayraq meydanı, kafe-restoran, mərasim evi, çörək sexi, aptek, idman klubu, ailə sağlamlıq mərkəzi, 312 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi, kitabxana, ticarət obyekti, bazar və qonaq evinin tikilməsi də planlaşdırılıb.

Prezident tərəfindən təməli qoyulan Qoçəhmədli kəndinin isə layihələndirilən ümumi ərazisi 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılıb. Birinci mərhələ üçün 18,1 hektar torpaq sahəsi ayrılıb və 204 fərdi ev inşa olunacaq. Bu mərhələdə kəndə 204 ailənin köçürülməsi nəzərdə tutulub. Burada da çoxfunksiyalı inzibati bina, Bayraq meydanı, kafe-restoran, mərasim evi, aptek, idman klubu, ailə sağlamlıq mərkəzi, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyekti və qonaq evinin tikintisi planlaşdırılıb. 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq.

Oktyabrın 17-də – Füzuli Şəhəri Günündə şəhərin ilk yaşayış məhəlləsinin sakinləri ilə görüşən dövlət başçısı onlara təbrik və ürək sözlərini çatdırıb: “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi...

Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır...”.

Prezident vurğulayıb ki, bu gün Füzulidə, eləcə də yenidən qurulan başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu bir çox beynəlxalq ekspertlər də qeyd edir. Dövlət başçısı xatırladıb ki, 2022-ci və 2023-cü illərdə Azərbaycanda iki dəfə – Ağdamda və Zəngilanda Milli Şəhərsalma Forumu keçirilib və bizim bütün layihələrimiz təqdim edilib: “Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki, doğrudan da, burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik...”.