Oktyabrın 19-da “Gülüstan” Sarayında Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qurultayda 600-ə yaxın nümayəndə iştirak edib.

Tədbirin əvvəlində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva dövlət başçısı İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə qeyd edilir ki, qurultayın Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması dərin məna daşıyır. Azərbaycan qadınlarının 25 il əvvəl Ulu öndərin təşəbbüsü ilə keçirilən ilk qurultayı ölkəmizdə qadın hərəkatının keyfiyyətcə yeni mərhələsini başladıb: “Ötən müddətdə cəmiyyətdəki mövqeləri daha da möhkəmlənən qadınlarımız respublikanın sosial-iqtisadi və mədəni-elmi potensialının gücləndirilməsi işinə dəyərli töhfələr bəxş etmişlər. Onların təqdirəlayiq ictimai nüfuzu təməl prinsipləri Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət qadın siyasətinin ardıcıl gerçəkləşdirilməsinin nəticəsidir”.

Müraciətdə vurğulanır ki, qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir: “Onlar eyni zamanda maarifpərvər sələflərinin ənənələrini müvəffəqiyyətlə davam etdirərək, artan təşəbbüskarlıqları və dolğun sosial-mədəni fəaliyyətləri ilə ictimai həyatımıza yeni güc qatır, müstəqillik salnaməmizə parlaq səhifələr yazırlar. Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır. Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir”.

Qurultayda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, son 20 ildə iş dünyasında qadınların rolu artıb.

Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti bundan sonra da cəmiyyətdə qadınların imkanlarının genişləndirilməsi və onlara şərait yaradılması istiqamətində atılan addımları davam etdirəcək.

Türkiyə ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Azərbaycanın tarixi Qarabağ Zəfəri münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, qadın haqlarından danışıb, Türkiyənin bu istiqamətdə atdığı addımlardan söz açıb.

Daha sonra BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili – ombudsman Səbinə Əliyeva və digər şəxslər çıxış ediblər.

Qurultay panel müzakirələrlə başa çatıb.