Milli Kitabxanada “20 Oktyabr – Zəngilan Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, kitablar, ənənəvi sərgidə isə Zəngilan şəhəri haqqında, eləcə də Vətən müharibəsi və böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar və s. materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Zengilan/index.htm linkindən istifadə edə bilər.

Ənənəvi sərgi bir həftə davam edəcəkdir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 Oktyabr – Zəngilan Şəhəri Günü elan olunması ilə bağlı imzaladığı Sərəncama əsasən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında silsilə materiallar - virtual kitab sərgisi, videomaterial və elektron resurslar bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, hazırlanan materiallarda Zəngilan rayonunun yaranma tarixi, mədəni - tarixi abidələri, təbii sərvətləri haqqında geniş məlumat verilir. Materiallarda Ali Baş Komandan İlham Əliyevin diplomatik siyasəti, əzmkarlığı, polad iradəsi və Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində geri qaytarılan Zəngilan rayonunun işğaldan azad olunması, şanlı Ordumuz tərəfindən bu torpaqlara Azərbaycan bayrağının sancılması görüntüləri yer alır. Burada Zəngilan rayonunda aparılan yenidənqurma, tikinti-quruculuq işləri, yüzlərlə Zəngilan sakininin öz doğma torpaqlarına – Ağalı kəndinə qayıtdığı haqqında foto və videoçəkilişlər təqdim edilir.

Virtual kitab sərgisində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimindən olan qürurverici görüntülər də yer alır. Həmçinin sərgidə Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Xilaskar İlham Əliyev”, “Xan çinarlı Zəngilan”, “Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Zəngilan ensiklopediyası”, “Zəngilan tarixi, coğrafiyası, iqtisadiyyatı”, “Unudulmayan xatirələr”, “Son gümanım – Zəngilanım” kimi 20-dən çox kitabın, “Bu yol Zəngəzura gedir”, “Zəngilan növbəti sakinlərini qarşılayır”, “Şan-şövkətli Zəngilanda”, “Ağalıda yaşanılan bir il” kimi dövri mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edilir.

Zəngilan Şəhəri Günü ilə əlaqədar kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Zəngilan şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətni ilə tanış ola bilərlər.

20 Oktyabr – Zəngilan Şəhəri Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.