2023-cü il, iyulun sonları... Evdə plansız təmir işləri başladı. Mənim İstanbul səfərim isə qışdan planlaşdırılmışdı. Biletim alınmış, çamadanlarım qapının ağzında hazır qoyulmuşdu... Heç bir təmir havası məni şirnikləndirib yoldan saxlaya bilməzdi. Qapı həmişə simvol, arxetip hesab edilib. Həm həyatda, həm bədii ədəbiyyatda. Yeni qapı – yeni, daha yaxşı gələcəklə assosiasiya edilir, ümid, xoş başlanğıclar vəd edir. Bir çox hallarda qəhrəmanlar əsərə məqsədli şəkildə qapıdan “daxil edilirlər”. Fen-şuy fəlsəfəsi də küçə qapısının energetikasını ön plana çəkir. Bütün bunları yenicə salınmış, işləməsi ilə plitka şokolada bənzəyən yeni qapıma baxa-baxa düşündüm və kandardan adlayıb hava limanına yol aldım...  Mənim üç həftə davam edəcək İstanbul tətilim belə başladı.

Artıq qayıtmışam. Qələmlə ikilikdə... yoox, klaviatura ilə qarşı-qarşıyayam. Qələmi əlimdə oynada-oynada deyil, barmaqlarımı klavişlərə döyəcləyə-döyəcləyə xatırlayıram... Beləliklə...

İstanbulda məlun pandemiyadan qabaq olmuşdum. Demək olar, hər yay Türkiyəyə gedirdim, hər dəfəsində də yolumu qitələrin şəhərindən salır, heç olmasa 2-3 gün boğaz havası udurdum. Böyük anlamda İstanbul deyəndə gözlərim önünə bir epizod gəlir... 1984-cü il idi... Nahar fasiləsi zamanı həyat yoldaşı xaricdə işləyən bir əməkdaşımız söhbət əsnasında deyəndə ki, “biz İstanbulda olanda...” süfrə arxasında əyləşənlər hamı birdən, ağızları dolu səsləndi: “Sən İstanbulda olmusan?” Bu o dönəmlər idi ki, hamı hər iş və hər şey üçün, varlıqda-yoxluqda, xəstəlikdə-sağlıqda üzünü şimala – “vətənimizin” paytaxtı Moskvaya çevirirdi. Bakıda Türk filmləri festivalı keçiriləndə sovet Azərbaycanı bu filmlərə rus dilində diktor tərcüməsi ilə baxırdı. Amma bütün fikrini toplayıb qulaq kəsiləndə mətn arxası türk sözləri eşitmək mümkün olurdu. Və eşitdiyimiz qırıq-qırıq bir-iki kəlmə bizi o dəmir pərdəyə yaxınlaşdırır, ani də olsa, xoşbəxt edirdi. Hələ sonra, yadımızda qalanları yaxınlarımıza deyir, onları da xoşbəxt edirdik.

***

Birdən-birə səhnədə COVİD-19 göründü, anşlaqla dünya turnesinə çıxdı, ölkələr fəth etdi, hamını bir-birinə vurdu. Dünyanın qapıları bağlandı. Növbə İstanbula da çatdı. “İstanbul İstanbul olalı, heç görmədi böylə kədər”. (8 min ilə sığan tarixdə onun gördüyünü hansı şəhər görmüş?) Araya 3 illik bir pauza çökdü. Qızmar yaylar sərin yazları, sarışın payızlar bəyaz qışları əvəz etdi. Biz də gözümüzü üfüqə dikib səbirlə sərhədlərin açılmasını gözlədik, keçmiş xatirələrlə ovunduq. İndi mən Atatürk Hava Limanından çıxarkən İstanbulun duzlu mehi üzümə vuranda başa düşdüm ki, pauza, ya neytral vəziyyət deyim, heç də pis bir şey deyilmiş. Hətta... lazım imiş. Nəfəs dərmək, irəli getmək, başqa gözlə baxmaq, vəziyyəti dəyərləndirmək, dəyərə qiymət vermək və bir sıra digər baxımlardan... Keçmişin xoş nostalgiyası da bir ayrı gözəl hisslər yaşadır. Artıq keçmiş olan bu məsələnin üzərində çox dayanmayaraq keçirəm mətləbə. Deməli...

Ondan başlayım ki, hər şey mənə yeni, maraqlı, möcüzəli görünürdü. Trapla qalxandan. Pilotun müraciətindən... “Xanımlar və cənablar! Əziz uşaqlar!” Deyəsən, əvvəllər uşaqları demirdilər... Bəlkə də, təyyarədə böyükdən çox uşaq olduğu üçün? Bilə bilmədim. Onu bildim ki, bütün uçuş boyu geri qanrılıb arxa qonşumun illüminatorunu taqqıldatdım. Oyansın deyə. Onun bərkdən və davamlı xorultusu əsəblərimə toxunur, uçuşdan zövq almağa və dua etməyimə mane olurdu. (Mən həmişə yüksəklikdə dua edirəm, elə bilirəm oradan səsim Allah dərgahına daha tez çatır). Qabaqlar fikir vermədiyim hər nüansa diqqət edirdim. Demə, təyyarənin dönməsi köpəkbalığının dönməsinə bənzəyirmiş... Elə təyyarənin də quruluşu sanki köpəkbalığından götürülüb... Yuxarıdan baxanda görünən kiçik adalar böyük çanaqlı bağaları xatırladırdı... “Qayıqxana”lardan dənizə səpələnmiş xırda qayıqlar ekzotik mənzərə yaradır, onları da elə bil ilk dəfə görürmüş kimi idim.

İstanbul məni 25 dərəcə isti ilə qarşıladı. İyulun sonu üçün normaldır. Zatən İstanbulda heç vaxt dözülməz isti olmur. Temperatur yüksək olsa da, kölgəyə ki, keçdin, sərindir. Bir ölkənin ki, üç tərəfi dəniz ola... Türkiyə dörd dənizlə yuyulur: Qara dəniz, Mərmərə, Aralıq (onlar Akdeniz deyirlər) və Egey dənizi. Bu elə-belə, kiçik yadasalma...

Xaricdə hoteldə qalmaq mənim olmazsa olmazımdır. Kottec, kirayə ev mənlik deyil. Bu dəfə isə apartman tipli hotel təklif ediləndə razılaşdım. Əvvəla, tam mərkəzdə – İstiqlal küçəsində yerləşirdi, özü də məhəllə içində. Bu da o demək idi ki, şəhəri daxildən görəcəkdim. Səhər yuxudan necə oyanıbsa, elə – makiyajsız-filansız. Həm də mənim üçün çox maraqlı idi, görəsən, sadə istanbullu necə yaşayır? Seriallarda bizə ya yalıları (iri malikanə, villa) göstərirlər, ya gecəqonduları... Burada isə orta statistik istanbullunun yaşayışını, məişətini, ev interyerini görmək, apartmanın daimi sakinlərini müşahidə etmək imkanım oldu. Üzbəüz binanın alt mərtəbəsində səhərə qədər “tantuni” (dönərin bir növü) bişirirdilər, səyyar gecə kafelərinin müştəriləri sübhü küçədə yeyib-içməklə açırdılar. Bu şəhərin gecəsi ilə gündüzünün fərqi yox...

Bütün böyük şəhərlər bir az artıq, bir az əskik bir-birinə bənzəyir, oxşar hekayələri olur. Dəniz sahili, şəhərin ortasından axan çayı, hansısa meydanı, küçəsi, döngəsi ilə... Qız qalası (Kız kulesi)... İstanbulla salamlaşmam bu dəfə də İstiqlal küçəsindən başladı. Özünə “hörmət edən” hər şəhərin belə bir arteriyası var. Məsələn, meqapolisin ən gur, işlək, qədim binaları ilə seçilən İstiqlal küçəsi Bakının “Tarqovı”sına (Nizami küçəsi) oxşayır. Hamı bənzədir. Məsələn, Bakıda, elə həmin küçədə gül pasajı var. İstanbulda, elə o “İstiqlal”da çiçək keçidi. Buraya “Bayraq küçəsi” adı da yaraşır, bulvar da. Çünki həmişə bayraqlarla bəzədilmiş olur. Küçədə qırmızı nostalji tramvaydan savayı nəqliyyat işləmir. Küçənin sonundakı məşhur Beyoğlu rayonunu 45 ayrı hissədən ibarət muxtar qəsəbə də adlandırmaq olar. Bu hissəni “Pera Beyoğlu” da adlandırırlar. Çünki “tarixi, ikonik, əfsanəvi, zamansız” “Pera Palace” hoteli məhz burada yerləşir. Məşrutiyyət küçəsinin tam ortasında. Bir hoteldən daha artığı... Səbəbi? “Pera Palace” muzey-hotel statusu daşıyır. Buraya ayrı-ayrı vaxtlarda 6 prezident, 11 kral, 39 məşhur yazıçı gəlib. Kraliça Yelizaveta, İran şahı Rza Pəhləvi, Lev Trotski, Jaklin Kennedi, Alfred Hiçkok... Mustafa Kamal Atatürkün qonaq olduğu 101-ci nömrə bu gün ziyarətçilərə açıqdır. Ən başlıcası, “Orient Ekpres”dən enib “Pera Palace” düşən Aqata Kristi özünün ən məşhur “Şərq ekspresində qətl” romanını burada, hotelin 411-ci otağında yazmışdır. Bu gün də “Miss Marpl”ın lüksündə gecələmək üçün növbəyə duran fanatlar istənilən qədərdir və mən də... arzu edənlərdənəm. Ernest Heminquey də “Kilimancaro qarları” əsərinin qəhrəmanı yazıçı Harrini “Pera Palace”da “yerləşdirmiş”, Qrem Qrinin “Mənim xalamla səyahət” romanının qəhrəmanları da İstanbul macəraları zamanı məhz “Pera”da qonaqlamışdılar.

İstanbul təpəlikdə yerləşdiyi üçün qat-qat görünür. Neçə yaruslu, bir-birinin üstündə. Şəkillərdə və aşağıdan baxanda daha çox bilinir.

***

Gülhanə... İstanbul şəhər peyzajının əsas aksenti. İlk xalq parkı da demək olar. 1912-ci ildə Topqapı Sarayından alınaraq xalqın istifadəsinə verilmişdir. Bu parkı necə sevdiyimi izhar etmək üçün söz tapmıram. Bəlkə özünü görməmişdən əvvəl adı romanlarda romantikləşdiyinə görədir? Gözəlliyi genişliyində, təbiiliyində, çətir kimi yellənən və parkı büsbütün örtən qocaman ağaclarında və ilk növbədə qədimliyindədir. Parkın relyefi İstanbulun özü kimi təpəlikdir. Bunun sayəsində üst xiyabana qalxıb hər yeri seyr edə bilərsən. Mənim buraya gəlmədiyim müddətdə parkda əməlli-başlı rekonstruksiya işləri aparılmış, girəcəkdəki iki dələ fiquru götürülərək yerində kitab formalı fontan quraşdırılmışdı. Mən buraya yaşıl dəniz deyirəm... Çox bənzəyir dənizə. Açıqlığı, dalğalanması, zümrüd rəngi ilə. Ya ada...  Uzaq yox, şəhərin mərkəzində qərar tutmuş yaşıl ada... Parkın çölündə qaynayan “qazandan”, gurultudan burada əsər-əlamət yoxdur. Gülhanənin səsi səssizlikdir. Təbiət heç vaxt səs salmır, o insanı sakitliyə öyrədir. Ağaclar xəfif xışıldayır, yarpaqlar sıx-sıx pıçıldaşır, quşlar pəsdən oxuyur. Bu səsləri də yoğun, hündür ağaclar “udur”. Bəlkə kiçik cənnət? Məgər deyilmi? Uşaqlar Topqapıya gediblər. Mən isə sarayın qoruğunda – qızılgül bağçasında dolaşıram. Məkan yenə də adını saxlayır. Qızılgüllərdən Şərq ornamentləri, müxtəlif yazılar, gözmuncuğu formasında hazırlanmış kompozisiyalar Gülhanənin özəl gözəlliyidir. Fontanın türk kültüründə, şəhərləşmədə önəmli yeri var. Aşiqlərin görüş, quşların dönüş yeri... Ən gözəl fontan Gülhanədədir. Göz qabağındakı yox, təpəlikdəki... Ağ mərmərdən... Kiçik də olsa, bir sənət əsəri... Suyun şırıltısı isə tarix danışır...

Gəzib-gəzib, hündür bir qoz ağacının altında özümü yerə sərirəm və dərhal da yadıma Nazim Hikmət düşür. “Ben bir ceviz ağacıyım Gülhanə parkında, Ne sen bunun farkındasın, ne polis farkında”. Nazimin nazimliyi yaman olurmuş! Park, polis mizan-səhnənin elementləridir... Çarli Çaplin də deyirdi ki, bir səhnə hazırlamaq üçün mənə park, polis və qəşəng qadın lazımdır... “Yarpaqlarım əllərimdir, tam yüz min elim var...”. N.Hikmət Bakını İstanbula bənzədirmiş... Bir az da qabağa gedirəm, gəlib çatıram Gülhanənin Sarayburnu qapısına. Burda park bitir. Qarşımda mərmər kimi Mərmərə... “Başım köpük-köpük bulut, içim, dışım deniz...” Arxa fondan səslər gəlir: “Elə çək ki, dəniz düşsün...” Zatən hər tərəf dəniz. Gülhanə “süjeti” ilə olmasa da, bəzi fraqmentləri, məsələn, “şah divarı” ilə örtülməsi, dənizə çıxışı ilə mənə bizim Qubernator bağını xatırladır. Ümumiyyətlə, uzaqdan hər şey daha aydın görünür. Öz ölkəni, şəhərini daha yaxşı tanımaq üçün mütləq onun hüdudlarını aşmaq lazımdır. Muzeydən qayıdan uşaqlar təəssüratlarını bölüşürlər: - Sultanların oğulları qızıllı-brilyantlı beşiklərdə yatırmışlar... “Hə, elədir” deyirəm... – Beşiklərini daş-qaşla bəzəyir, yetkinlik yaşına çatanda da boğdurub öldürtdürərdilər... Bütün dünyada belə olub, xristianlarda da, müsəlmanlarda da. Taxt-tac, vəliəhd davası olan yerdən fitnə, qəsd əskik olmayıb...

***

Qalata... Çəkisi 10 min tondur. İstanbulun əsas simvollarından...

Qalata qülləsi tam bir sirr küpüdür. İstanbula təpədən baxar və kimsənin görmədiklərini görər”. Qalata deyəndə gözümün önünə “Möhtəşəm 100 il” serialı gəlir. Necə Sultan Süleyman dayanıb qalanı seyr edir... Qalata qülləsi ilə Qız qülləsinin adına ədəbiyyat adamları çoxdan “söz çıxarıb”, onları sevgili, aşiq-məşuq qərar veriblər: “Yanıqdır Qız qülləsinə Qalata...”. Qalata körpüsündən Mərmərəyə baxanda suda oynayan bala delfinləri görmək olur. Və ütülü mavilikdə ani görünüb yox olan mənzərə insana necə pozitiv, sevinc verir, üzünü güldürür, sadəcə görmək, hiss etmək lazım! Yerli camaat “pandemiya gətirib” dedi... Ümumdünya xaosu zamanı delfinlər Qara dənizdən bu sahillərə karvanla “miqrasiya” ediblər. Olar... Amma pandemiya pandemiya yerində, gündüzün günorta çağı faunanın ən ağıllı heyvanının sahilə bu qədər yaxınlaşmasına təəccüb etməyə bilmirəm. Ardınca da yadıma uşaqlıqda oxuduğum nağıldan bir cümlə düşür: “Delfinlər nə zamansa insan olduqlarını unutmayıblar”. Marağımı söndürəndən sonra da uzaqlaşmıram. Bir az da baxıram. Su pərisinin uzun saçları  mavilərdə görünüb itir...

***

Süleymaniyyə kompleksi... Buraya cami, mədrəsə, kitabxana, hamam və ən əsası Sultan Süleyman Qanuni, Xürrəm sultan, qızları Mihrimah sultanın dəfn olunduğu mavzoley daxildir. Caminin memarı Sinanın sadə qəbri də burada divarın dibindədir. Mavzoleyin ətrafı və həyəti xüsusi diqqətə layiqdir. Gül-çiçək, yaşıllıq içərisində çoxlu sayda qəbirlər... Ensiz, uzunsov, açıq rəngli başdaşılar indi qoyulmuş kimi təzədir. Quruluşu, forması, üstündəki naxışlı, bəzəkli yazıları ilə sanki bir sənət əsəridir. Yəqin saray adamlarına məxsus olub. Qəbirlər arasında dolaşsan da, özünü məzarlıqda hiss etmirsən. Aura o deyil. Elə bil, gözəl bağçada gəzirsən. Cami Osmanlının çiçəklənən dövründə Sultan Süleymanın əmri ilə inşa edilmiş, “sahife-i ruzigarda özündən sonra bir nam qoymaq” məqsədi daşımışdır. Rəvayətə görə, caminin bünövrəsi daş-qaşla tökülmüşdür. Süleymaniyyənin tikintisinin 7 il uzandığına rişxənd edən İran şahı yardım adı ilə sultanlığa mücrü ilə ləl-cəvahirat göndərmiş, bundan qəzəblənən Süleyman onun göndərdiyi yardımı minarənin bünövrəsinə hördürmüşdü. Memar Sinan caminin əbədi dayanacağını vəd etmiş, hələ ki, haqlı da çıxmışdır. Süleymaniyyə 7 baldan yuxarı 96 yeraltı təkana tab gətirərək bu gün də 460 il əvvəlki qüdrətini qoruyur. Kompleksin baxış terrasından qədim şəhərin nəfəs kəsən mənzərəsi açılır. Bu mənzərəyə yüksəkliyin havası bir ayrı rəng qatır. Sultan öz əbədi mənzilini haradan seçməyi bilirdi... Yalnız seçməyi deyil, orijinal təqdim etməyi də. Limana enən dik yoxuşların təpəsində, İstanbulun ovuc içi kimi göründüyü yerdə. Sultan Süleymanın səsi də eşidilir: “Qılıncımızın kölgəsi durduqca düşmənlər, əlbəttə ki, bizdən qorxacaqlardır”.

***

Pyer Lotti və Camlıca təpələri... İstanbulun möhtəşəm mənzərələrini izləmək üçün yaxın-uzaq demədən turistlər bu təpələrə axışır. Daha doğrusu, dırmaşır... Bu dəfə Camlıcaya Üsküdardan ayaqla qalxdım. Özü də bu istidə. Doğrudan da, şair necə tutubmuş: “Camlıcada yerdəymiş göylərin dərinliyi”. Amma bir sakitliyi də var buranın. Anadolu yaxası Avropa tərəfə nisbətən daha az izdihamlı...

Türkiyəni ikinci vətəni adlandıran fransız donanma zabiti və yazıçısı Jülyen Vionun psevdonimindən götürülən Pyer Lotti təpəsi İstanbulun ən diqqətçəkən məkanlarından sayılır. Pyer Lotti şəxsiyyəti Türkiyədə “türkün türkdən başqa tək dostu” kimi sevilir və alqışlanır. Türk ona dəyər verənə minnətdarlıq etməyi bacarır. Pyer Lottinin adı İstanbulun ən gözəl məkanlarından birində əbədiləşdirilmişdir.

***

İstanbulun küçə kafeləri bir ayrı mövzudur, atmosferdir, “açıq səma altında baqqaliyyə muzeyi”dir, daha nələrdir, nələr... Şəhər koloritinin ayrılmaz parçası olub onu canlı edir, rəng verir. Nə yaxşı ki, urbanizasiya onların konseptinə təsir edə bilmir. Gəz-gəz, sonra Qalatanın ətəyinə yetişib özünü dünyanın ən dadlı limonadı ilə xoşbəxt et!

İstanbulda muzeylər çox bahadır: “Dolmabaxça” – 35 avro. Builki İstanbul səfərimin xiti 2 yeni muzey oldu: “Miniatürk” parkı və “Madam Tüsso”nun İstanbul filialı. “Miniatürk”ü belə təsəvvür etmirdim... Bağlı məkanda stolüstü maketlər görəcəyimi zənn etmişdim. Ancaq məsələnin daha maraqlı həlli ilə qarşılaşdım; açıq, böyük sahədə Türkiyənin önəmli tarixi, mədəni abidələrinin miniatürləri gözəl dizaynla sərgilənirdi. Böyük ölkənin kiçik modeli... Onu da deyim ki, Mərmərənin sahilində salınmış “Miniatürk” dünyadakı açıq havada quraşdırılmış muzeylərin ən böyüyüdür. Bu nəhəng “vitrin”də nələr nümayiş edilmir? İstanbulun “kurşun qübbələri”ndən” başlamış Pamukkaleyə, Artemida tapınağına, Roma dönəmi İzmir kitabxanasına qədər... Hələ sahilboyu “dantel (krujeva) kimi” malikanələr... Ən çox bu hissə xoşuma gəldi... Hətta, Bosfor körpüsü də quraşdırılıb, içindən keçib getdim. Altında da, “gəmilər”, “qayıqlar”...

***

İstiqlal küçəsindəki Sent-Antuan katolik kilsəsi haqqında da məlumat verim. Fasadı qırmızı kərpiclə örtülmüş, gözəl arxitekturaya malik, bol turistli bu tikili şəhərin ən böyük katolik kilsəsidir. İstanbulun qəlbində yerləşdiyindən “Cadde-i kebir”ə (böyük küçə) ayaq basan hər qonaq mütləq bura baş çəkir. Şam yandırıb dua edir... Həm də sərinləyir, dincəlir...

Ayasofya cami elan ediləndən (2020) sonra görməmişdim... Əslində, çox dəyişəcəyini düşünürdüm. Bəzəkli, gözəgəlimli idi axı. Müsəlmanlıqda da bərbəzək alqışlanmır. Amma yox. Xristianlığa aid hissələrin üstü yüngülcə örtülüb. Bir də, yuxarı qata buraxmırlar. Balkonlar eləcə boş durur. Qalan hər şey necə varsa, elə... Min il kilsə, beş yüz il cami, sonra muzey, bu gün yenə camidir. Mən də “qeydiyyat”dan keçdim. Hansı dinə xidmət etməyindən, fəaliyyətinin mahiyyətindən asılı olmayaraq İstanbulun üzüdür, özüdür. Bizans memarlığının ən gözəl nümunəsi sayılan Müqəddəs Sofiya möcüzələr möcüzəsi adlandırılır, “bu məbəddən sonra Konstantinopolda daha möhtəşəm bir bina yapılmadı” deyilir...

***

Bakıdan sonra yaşamaq istədiyim tək yer Böyükadadır. “İstanbulu 3 cümlə ilə tərif et” deyə soruşsalar, birinci onun adını çəkərəm. Mərmərə dənizində gərdanlıq (boyunbağı) kimi durur. Yer üzündə cənnət varsa, o elə Böyükadadır. İstanbulun göbəyində, ada denən o yerində, qışı başqa, yazı başqa, yamyaşıl bir cənnət vardır. Osmanlının son zamanlarından qalan süslü-püslü bəmbəyaz köşkləri, dəniz mənzərəli hotelləri heyranlıqla arxada qoya-qoya yoxuşu qalxmaq çox zövqlü. Enmək də! Mənə görə, Böyükadanın iki rəngi var: ağappaq binalar, onlara dəli kimi sarmaşan çəhrayı, bənövşəyi akasiyalar. Gül partlayışı... Böyükadanın özünə görə görməli yerləri var; təpəsi, kilsəsi, muzeyi... Sovet İttifaqının rəhbərlərindən İ.Stalinin buraya sürgünə göndərdiyi solçu L.Trotskinin yaşadığı mənzil mənim üçün bir əhəmiyyət kəsb etməsə də, can atdığım başqa bir mədəni ünvan var idi. Türk ədəbiyyatının klassiklərindən, cümhuriyyət romanının yaradıcısı Rəşad Nuru Güntəkinin yaşadığı evi, həyəti çox görmək istəyirdim. Üsküdarda doğulan Rəşad Nuri sonradan könüllü “sürgün” həyatı seçərək ailəsi ilə bərabər adada yaşamışdı. Böyükada ilə daha əvvəl tanış olsam da, qismət deyilən bir şey var. Ona görə adaya ayaq basar-basmaz, birbaşa “Rəşad Nuri Güntəkinin yolu” deyilən marşrutla əsərlərindən bələd olduğum köşkə yollandım. Onu elə belə də təsəvvür edirdim. Memorial lövhə olsa da, təəssüf ki, ev hazırda muzey kimi fəaliyyət göstərmir. Orada yazıçının qız nəvəsi yaşayır. Amma köşkə baxmaq olur. Bir az təxəyyülü olan üçün bu da az deyil. Fəridə ilə Kamranın taleyinin təsvir olunduğu romanının yazıldığı bu ev, həyət bələdçi kimi özü danışır. Təki eşitmək istə... Rəşad Nuri ta uşaqlıqdan mənim sevimli yazıçım olub. “Çalıquşu” film kimi məşhurlaşmadan da... Fəridə sanki bizim Almazımızdır. “Çalıquşu” romanı və “Almaz” pyesi (C.Cabbarlı), ayrı-ayrılıqda iki türk qızının həyat və fəaliyyətindən bəhs edir. İkisi də gənc və gözəldir. Hər ikisi paytaxtdan əyalətə köçüb müəllimlik edir. Əsərlərin yazıldığı tarix də, əhatə etdiyi zaman da aşağı-yuxarı yaxın dövrdür.

Böyükadanı da öz Şuşamız bilirəm. Nədən? Özəl coğrafiyasından, doyumsuz mənzərəsindən, bənzərsizliyindən, məsafəli mövqeyindən və qəlbə yaxınlığından. Biri dağın başında, biri dənizin ortasında. Birinin yerlisinə “qalalı” deyilir, digərininkinə “adalı”. Bura bir istirahət yeri. Adanın keçmişi isə çox qorxunc hekayələr danışır. İnanmaq olmur ki, bu cənnətməkan 700 il ərzində həbsxana, monastır, sürgün yeri olub. Burada taxt-tac davası səbəbindən şahzadələr dəhşətli işgəncələrə məruz qalıblar. Bizans dönəmində “Prens adaları” adı ilə məşhur olan bugünkü Böyükada zaman tunelindən baxanda nələrə şahidlik etməyib. Yazımın əvvəlində coğrafiyaların tale baxımından bir-birinə oxşadıqlarını qeyd etmişdim. Bizim Xəzərin də öz “prens adaları” var. İndi sahildən aralı üzən bu adaların tarixi, keçmişi öyrənilir, araşdırılır, üzə çıxarılır. Bakı arxipelaqına aid adaların adları XVII əsrdə ruslar tərəfindən dəyişdirilmiş, özləri isə ölüm düşərgəsinə çevrilmişdilər. II Pyotr Böyük Zirə adasını Fin körfəzindəki Nargin adasına bənzətdiyi üçün Nargin adlandırmışdı. Birinci Dünya müharibəsi zamanı girov götürülən türk əsgərləri burada ağlasığmaz işgəncələrə məruz qalaraq qətl edilmişdilər. Qara “ənənə” davam etmiş, Azərbaycanın dövlət, ictimai fəalları, Xalq Cümhuriyyətinin qaymaqları, repressiya qurbanları Nargin və Bulla adalarında güllələnmişdilər. İndi bu adalara daha bir “şans” vermək düşünülür və bu prosesə artıq start verilmişdir. Bəzən hissə qapılıb deyirlər ki, lənətlənmiş yerlərdə mənzil etmək, yurd salmaq olmaz. Məkanın mənfi enerjisi mane olacaq. Mənəvi tərəfi də var. Razılaşmaq olar. Lakin bir tərəfdən də, dünyada nə qədər belə ağrılı-acılı məkanlar var. Hamısı boş dura bilməz axı. Tarixi yaşatmaq, xatirə lövhəsi vurmaq, təkrarına yol verməmək və... irəliyə baxmaq, gələcəyi düşünmək lazımdır.

***

Bu dəfə İstanbulda rus millətinə, demək olar ki, rast gəlmədim. Yəqin Rusiyanın siyasətini dəstəkləməyən ölkələrə getməkdən ehtiyat edirlər. Rusdan ayrıldığımızın 33-cü  ilinə yaxınlaşmağımıza baxmayaraq, hələ də adı üstümüzdədir. Müxtəlif yerlərdə eyni sualla qarşılaşdım: “Abla, sən İran azərisisənmi, ya rus azərisi?” Bizi belə böldüklərini bilmirdim...

Bu şəhərdə hər şey var... Tarixi boyu üç imperiyanın, onlarla mədəniyyətin paytaxtı kimi tanınan İstanbul keçmişi qorumağı, yaşatmağı, yaşatdığını gələcəyə ötürməyi bacarır. Bu şəhər səhər isti simit, günorta balıq, axşam közlənmiş qarğıdalı, qovrulmuş şabalıd qoxuyur. Burada hamı harasa tələsir, İstanbulda həyat yoldadır. İnsanlar tramvaydan düşüb funikulyora minir, oradan da yerin altına düşürlər. Metrodan çıxıb teleferikə (kanat) minir, oradan vapura (dəniz avtobusu) qaçırlar. Gəmilər fit verir, iskələlər dolub-boşalır, əliçamadanlı turistlər harasa şütüyür, hərə bir işin dalınca yüyürür. Daim şəkil dəyişir. Hələ qatar da var... Avtobus 52 (!) dayanacaq sayır, adamı canından bezdirən məşhur İstanbul trafikinə görə isə taksi janr kimi hesabdan sayılmır... İstanbullular deyir ki, hər gözəlin bir qüsuru olduğu kimi, bizim bu gözəllər-gözəlinin də tıxac problemi var. İndi gəl bu boyda meqapolisi karantində təsəvvür et. Tamam... Elə şəhərlər var ki, həmişə depressiyadadır... Təbriz, məsələn. Amma İstanbul... Yaxın qoymur. Bu şəhəri adamsız, çaşqın, ümidsiz, darlıqda, bir küncə qısılmış düşünmək mümkün deyil! İstanbul özü depressiyadan çıxarandır. Orxan Pamuk deyirdi: “Həyat o qədər bərbad olamaz”, nə də olsa, sonunda insan Boğazda bir yürüyüşə çıxa bilir.

Əvvəli Vizantiya, orta çağı Konstantinopol, indisi İstanbul olan bu şəhər haqqında yazmaq cəsarət istəyir. Hər köyü yazıçı, səyahətçi, turist dili ilə sevilib, hər, küçəsi  barədə yazılıb, məhəllələri metr-metr “sökülüb”, tarixə köçürülüb. Əgər içinizdə zərrə qədər ədəbiyyata həvəs varsa, İstanbul sizi şair də edər, yazıçı da... Hər əlinə qələm alan da, onu bir cür görür. Başqa cür vəsf edir... Bu da mənim İstanbulum idi... Ah, İstanbul, İstanbul!

Dilarə Adilgil
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu