Oktyabrın 18-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunda Müstəqilliyin Bərpası Gününə həsr olunan intellektual yarış keçirilib.

Bilik yarışı Ağsu qoruğu, Ağsu Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu Təhsil sektorunun və Ağsu Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Yarışmada Ağsu şəhər Soltan Umbayev adına 2 nömrəli, eləcə də rayonun Aratkənd, Kəndoba, Dilman, Növcü, Bico, Ülgüc kənd tam orta məktəblərinin gənc coğrafiya, tarix, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fiziki tərbiyə, ibtidai sinif, ingilis dili, kimya, biologiya, texnologiya və musiqi müəllimləri iştirak ediblər. İştirakçılar hər birində 5 nəfər olmaqla, 7 komanda şəklində öz biliklərini sınayıblar.

"Orta əsr Ağsu şəhəri" qoruğunun direktoru Şölə Bayramova iştirakçıları salamlayaraq, tədbirin təşkilinə verdiyi dəstəyə görə müvafiq qurumlara təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.

Maraqlı mübarizə şəraitində keçən intellektual yarışmada Ağsu rayon Rafiq Hüseynov adına Kəndoba kənd tam orta məktəbinin komandası I, Məmməd Mirzəməmmədov adına Aratkənd kənd tam orta məktəbinin komandası II, Bəhruz Nəsirov adına Dilman kənd tam orta məktəbinin komandası III yerləri qazanıblar. 1-ci yerin qaliblərinə fəxri fərman, 2-ci və 3-cü yerləri tutan iştirakçılara isə diplom və sertifikatlar, eləcə də Ağsu qoruğunun nəşrləri təqdim olunub.