Bu il görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, Prezident təqaüdçüsü, professor Tofiq Bakıxanovun yaradıcılıq və pedaqoji fəaliyyətinin 70 illik yubileyi qeyd olunur.

Bu münasibətlə bəstəkarın fəxri doktoru olduğu Naxçıvan Dövlət Universitetində (NDU) konsert proqramı keçirilib.

NDU-nun rektoru dosent Elbrus İsayev çıxış edərək bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən böyük bəstəkar, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoqdur. Bildirilib ki, bəstəkarın 75, 80 və 85 illik yubileyləri muxtar respublikada yüksək səviyyədə qeyd edilib. O, “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına və NMR-in 85 illiyi münasibətilə təsis edilmiş medala layiq görülüb.

Rektor yaradıcılıq fəaliyyətinin 70 illiyi münasibətilə bəstəkarı təbrik edib, xoş diləklərini çatdırıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova qeyd edib ki, Tofiq Bakıxanov skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün iyirmidən artıq sonatanın, trio, kvartet, kvintetlərin, müxtəlif alətlərlə simfonik orkestr üçün 26 konsertin müəllifidir. Bəstəkar eyni zamanda üç balet, üç musiqili komediya, 100-ə qədər mahnı və romans ərsəyə gətirib. Onun yaradıcılığında simfonik musiqinin məxsusi yeri var. Səkkiz simfoniya, beş simfonik muğam, beş simfonik poema, simfonik süitalar, uvertüralar və s. bəstəkarın yaradıcılığının rəngarəngliyindən soraq verir.

Diqqətə çatdırılıb ki, bəstəkar yaradıcılığında Naxçıvanın tərənnümünə də yer verib. Onun simfonik orkestr üçün yazdığı “Naxçıvan” simfoniyettası, “Naxçıvan”, “Nurlu Naxçıvan”, “Arpaçay”, “Batabat bağları” və başqa mahnıları qədim diyara olan məhəbbətinin ifadəsidir.

Qocaman bəstəkar ona göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Bədii hissədə Tofiq Bakıxanovun əsərlərindən ibarət konsert proqramı təqdim olunub.