8 Noyabr – Zəfər Günü münasibətilə oktyabrın 22-dən noyabrın 8-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı keçiriləcək.
“Zəfər” festivalı paytaxt Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi Qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edəcək.
Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarların tarixi Zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzərdə tutulub.
Tədbirlərə ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər, həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq konsert və tamaşalara şəhid və qazi övladları dəvət ediləcəklər.