Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə marş bəstələyib. Marşın sözləri və musiqisi Turan Manafzadəyə aiddir.
Bu barədə açıqlama verən Turan Manafzadə “Türkiyə 100” adlı əsərinin Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərini də tərənnüm etdiyini bildirib.
Əsərin ərsəyə gəldiyi ilk gündən müxtəlif layihələrdə istifadəsi ilə bağlı təkliflər aldığını ifadə edən bəstəkar deyib: “Türkiyədə baş verən fevral zəlzələsi dövründə, sözün həqiqi mənasında göz yaşları ilə bəstələdiyim bu əsərim mənim Türkiyəyə olan ən səmimi duyğularımın ifadəsidir. Təbii fəlakətin ağrı və acılarının hələ təzə olduğu o dövrdə əsərin geniş izləyiciyə təqdim edilməsini düzgün hesab etmədim. Sadəcə, bu il aprelin 19-da sosial media hesabım vasitəsilə əsərin piano versiyasını paylaşdım və xalq tərəfindən böyük rəğbət qazandığını gördüm. Bunun ardından sözlərini yazmaq qərarına gəldim. Əsəri hazırlayarkən musiqi ilə sözlərin harmoniyasına, bəzi detalları qaçırmamağa xüsusi diqqət yetirdim. Məncə bu, hər yaşa uyğun bir bəstədir. Bu layihəni mənalı edən məqamlardan biri də mənim dirijorluğumla marşın klipində iştirak edən şəhid övladları, qazilərlə yanaşı gənclərdən və uşaqlardan ibarət “Bənövşə xoru” eləcə də “Mezzo Qadınlar Orkestri”nin Türkiyə Cümhuriyyətinə ən xoş hisslərini ifadə etmələridir”.
Azərbaycanın şanlı Qarabağ Zəfərindən sonra bəstələdiyi əsərlər barədə danışan Turan Manafzadə deyib: “Karyeramda mənə uğurlu qapılar açan, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz o tarixi Qələbəyə ithafən yazdığım “Azərbaycanım” və “Yüksəliş” adlı əsərlərim kimi, “Türkiyə 100” bəstəmin də bütün dünyanı dolaşacağına inanıram”.
Qeyd edək ki, bu il oktyabrın 23-dən etibarən bütün musiqi platformalarında yayımlanacaq əsərin orkestrovkası Turan Manafzadə və beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadəyə aiddir.