Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Ədəbiyyat Fondu və “Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Müharibə dövrü ədəbiyyatı” mövzusunda dinləmə keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin üzvü Varis Yolçuyev tədbir iştirakçılarını salamlayaraq müharibə mövzusunda istər dünya ədəbiyyatında, istər milli ədəbiyyatımızda, o cümlədən, folklorumuzda maraqlı nümunələrin olduğunu bildirib. Azərbaycan xalqının Zəfər qazandığı 44 günlük Vətən müharibəsindən bəhs edən yazıçı bu qələbəyə həsr olunan ədəbiyyat nümunələrinin yaradılmasının əhəmiyyətindən danışıb.
Kitabxananın direktoru Aslan Cəfərov 200 ilə yaxın bir zaman kəsiyində torpaqlarını parça-parça itirən Azərbaycanın bu gün öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarmasının müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin, polad iradəsinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Direktor Azərbaycanın şanlı Zəfərinə həsr olunmuş, 20-yə yaxın gənc yazarın qələminin məhsulu olan 30-dan çox ədəbiyyat nümunəsinin toplandığı “Sən azadsan” kitabı haqqında məlumat verib.
“Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım” İB-in sədri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Professional Rəssamlar İttifaqının üzvü Nigar Helmi Abbasbəyli, Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, yazıçı Yunus Oğuz, filologiya elmləri doktoru, “Ədəbi Turan” Fondunun təsisçisi və rəhbəri Esmira Fuad, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, “44 günlük savaşın 444 cəngavəri” ikicildliyinin müəllifi Əntiqə Qonaq, tanınmış telejurnalist, Birinci Qarabağ müharibəsi şəhidi Zahid Bayramovun bacısı Fəxriyyə Lilpar, Səbail rayon Mərkəzi Kitabxanasının direktoru, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova və jurnalist, Qarabağ müharibəsi şəhidləri barədə bir neçə kitabın müəllifi Aida Eyvazlı çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında ədəbiyyatın böyük rolu olduğu vurğulanıb.
Tədbirdə vətənsevərlik ruhlu şeirlər səsləndirilib.