Tanınmış yazıçı, jurnalist, dramaturq Bayram İsgəndərli uşaqlar üçün də əsərlər qələmə alır. Bu günlərdə yazıçının “Uşaqlar üçün pyeslər” kitabı çapdan çıxıb.
“Elm və təhsil” nəşriyyatından işıq üzü görə kitabın rəyçiləri Əməkdar artist Elmira Kərimova, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, məsləhətçisi Əməkdar mədəniyyət işçisi, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, redaktorları Gülşən İsgəndərova və Nurşən Anardır.
Kitabda müəllifin uşaqlar üçün qələmə aldığı doqquz pyesi verilib. Onlardan “Cırtdanın yeni sərgüzəşti”, “Xeyirxah kirpi” və “Yalanlara inanmayın” Naxçıvan Dövlət Kukla Teatrında, “Meşə əhvalatı”, “Siçanların hiyləsi” pyesləri Naxçıvan Dövlət Uşaq Teatrında tamaşaya qoyulub.
Müəllifin “Özgəyə quyu qazanın özü quyuya düşər” pyesi 2018-ci ildən Naxçıvan Dövlət Kukla Teatrının repertuarında yer alır.
Bayram İsgəndərlinin uşaq pyeslərinin qayəsini Vətənə, torpağa, xalqa, onun dünəninə və bu gününə olan sevgi və inam təşkil edir.
Xatırladaq ki, 80 illiyini qeyd edən yazıçının bundan əvvəl “Bir payız günü”, “Günəş həmişə olacaq”, “Balaca nağılçı”, “Yeddi ilin ayrılığı”, “Vaxtla üz-üzə”, “Sevgi məktubları”, “Qorxaq ayı balası Toxmaq”, “Çil xoruzun aqibəti”, “Bu qatar hara gedir?”, “Qarabağdan gələn duman” və “Məni ürəyinizdə axtarın” kitabları çap olunub.