Azərbaycan

 

25 oktyabr 1907 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirzəağa Yüzbaşı oğlu Quluzadə (1907-1979) anadan olub. 50-ci illərdə Azərbaycan EA-nın Ədəbiyyat və Dil İnstitutunun direktoru işləyib.

25 oktyabr 1911 – Biblioqraf, ədəbiyyatşünas, pedaqoq Əliheydər Bala oğlu Qəhrəmanov (1911-1959) anadan olub.

25 oktyabr 1912 – Xalq rəssamı Bədurə Məlik qızı Əfqanlı (Ağamalova; 1912 – 6.5.2002) anadan olub. Akademik Milli Dram Teatrında, “Azərbaycanfilm” kinostudiyasında (“Dəli Kür”, “Dədə Qorqud” və s. filmlər) geyim üzrə rəssam işləyib.

25 oktyabr 1921 – Görkəmli aktrisa, Xalq artisti Nəcibə Haşım qızı Məlikova (1921 – 6.7.1992) anadan olub. Gəncə teatrında, 1952-ci ildən Akademik Dram Teatrında çalışıb. “Ögey ana”, “Aygün”, “Əhməd haradadır?”, “Arşın mal alan” (1965) filmlərində yaddaqalan obrazlar yaradıb.

25 oktyabr 1925 – Yazıçı, tarixçi, şərqşünas Əbdül Ənbiyə oğlu Hüseynov (1925 – 14.5.2017) Bakının Əmircan kəndində doğulub. Türkmənistan mədəniyyət nazirinin müavini olub. 1960-cı ildən Moskvada yaşayıb. “İslam dünyasının cəngavəri”, “Üsyankar Xaqani” və s. tarixi romanların müəllifidir.

25 oktyabr 1930 – Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şahtaxtinskaya (1930 – 13.10.1996) Bakıda anadan olub. “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar silsiləsi, “Novruz bayramı” tablosu və s. əsərlərin müəllifidir.

25 oktyabr 1935 – Qəzəlxan şair Hacı Mail (Mail İsmayıl oğlu Əliyev; 1935 – 22.8.1999) anadan olub.

25 oktyabr 1954 – Görkəmli aktyor, SSRİ Xalq artisti Mirzəağa Əli oğlu Əliyev (1883-1954) vəfat edib. 1919-cu ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub. “Hacı Qara”, “Almaz”, “Bakının işıqları” və s. filmlərdə çəkilib.

25 oktyabr 1965 – Əməkdar incəsənət xadimi, tanınmış rəssam Vəcihə Əli qızı Səmədova (1924–1965) vəfat edib. Əsərləri: “Toy günü”, “Nişan aparanlar”, “Kür qırağında” və s.

25 oktyabr 2008 – Dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayev (17.8.1942 – 2008) vəfat edib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.

 

26 oktyabr 1925 – Tanınmış rəssam Əşrəf Murad oğlu Murad (1925 – 11.3.1979) Bakıda anadan olub. Avanqard və nonkomformist cərəyanların nümayəndəsi kimi tanınıb, daha çox portret və natürmort janrlarında əsərlər çəkib.

26 oktyabr 1982 – Azərbaycan KP MK-nın Birinci katibi – respublikanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə böyük ədib Hüseyn Cavidin (1882-1941) nəşi Rusiyanın İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edilib.

26 oktyabr 1983 – Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (9.5.1928 – 1983) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

26 oktyabr 2000 – Əməkdar mədəniyyət işçisi, aşıq Kamandar Həmid oğlu Əfəndiyev (21.10.1932 – 2000) vəfat edib.

26 oktyabr 2013 – Əməkdar artist Tofiq Əşrəf oğlu Qаrаyev (2.7.1953 – 2013) vəfat edib. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

26 oktyabr 2014 – Yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov (5.12.1927 – 2014) vəfat edib. “Azərbaycanfilm”in direktoru olub. Rus dilindən ədəbi tərcümələr edib.

26 oktyabr 2017 – Xalq artisti Rafiq Eyyub oğlu Hüseynov (4.8.1946 – 2017) vəfat edib. 30 ilə yaxın Azərbaycan Televiziyasının aparıcı diktorlarından biri olub.

 

Dünya

 

25 oktyabr 1838 – Fransız bəstəkarı Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet; 1838 - 3.6.1875) anadan olub. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.

25 oktyabr 1864 – Qırğız milli ədəbiyyatının banilərindən biri, şair, aşıq Toktoqul Satılqanov (1864-1933) anadan olub.

25 oktyabr 1881 – İspan rəssamı, heykəltaraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 1881 - 8.4.1973) anadan olub.

25 oktyabr 1894 – XX əsr türk xalq poeziyasının ustadı Aşıq Veysəl (Veysəl Satıroğlu; 1894 - 21.03.1973) Sivasda doğulub.

 

26 oktyabr 1819 – Yəhudi əsilli Danimarka yazıçısı, dramaturq Myer Qoldşmidt (Meir Aron Goldschmidt; 1819–1887) anadan olub.

26 oktyabr 1842 – Məşhur rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşagin (1842–1904) anadan olub. Əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s.

Hazırladı: V.Orxan