Azərbaycan tamaşaçısının film zövqü və tələbatı daim rəngarəng olub. Bunu nümayiş lisenziyası alınmaqla kinoteatrlarda yayıma girən filmlərin sayı və janr müxtəlifliyi də deyir. Amma bir gerçəklik də var ki, son 20 ildə Azərbaycan tamaşaçısı daha çox qardaş Türkiyə istehsalı olan film və serialları izləyir.

Bu günlərdə Bakıda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı onu göstərdi ki, digər qardaş respublikalarda da diqqətəlayiq ekran əsərləri çəkilir. Festivalda nümayiş olunan üç film haqqında söhbət açmaq istəyirik.

***

Türkiyəli kinematoqrafçıların çəkdiyi “Ulduz tozu” ekran əsəri Kənan və Mustafa adlı qardaşların həyat hekayəsindən bəhs edir. Evlərinin çardağında uzanıb söhbət edən qardaşlar göy üzündə parlayan bir cüt ulduz görürlər. Yaşca kiçik olan Kənan böyük ulduzu seçir. Onlar bir-birlərinə söz verirlər ki, kimin ulduzu sönmək istəsə, digəri buna imkan verməyəcək. Yaşamaq və bu həyatda mübarizə aparmaq üçün daim bir-birinə dəstək olacaqlar...

Onlar hər gün dostları ilə birgə futbol oynayır, söhbət edir, əylənirlər. Bir gün Almaniyada yaşayan dayıları Firudin onlara qonaq gəlir. O, Mustafaya velosiped, Kənana isə bir qutu şokolad hədiyyə edir. Kənan bundan məmnun olmayıb Mustafanın paxıllığını çəkməyə başlayır. Hər gün yaraşıqlı və bahalı velosipedə minmək arzusu ilə alışıb-yansa da, qardaşı buna imkan vermir. Bir gün xəlvəti velosipedlə kənd yoluna çıxan Kənan dərəyə yuvarlanır. Bunu eşidən valideynləri tez hadisə yerinə gedirlər. Kənan xəstəxanaya yerləşdirilir. Qardaşını itirmək qorxusu ilə üzləşən Mustafa etdiyi hərəkətdən çox peşman olur. “Kaş vaxtında icazə verəydim velosiped sürməsinə, indi belə olmazdı” deyə düşünür. Çardaqda uzanaraq fikirlər selinə qərq olan Mustafa qardaşının seçdiyi nəhəng ulduzun hərəkət etdiyini görür. Cəld yerindən qalxıb velosipedinə minir və ulduzun ardınca sürməyə başlayır. Onu yerə düşməyə qoymayan Mustafa ulduzu ovuclarının arasına alır. Qeybdən bir səs: “Məni burax, qardaşın yaşayacaq, onun taleyi hələ qabaqdadır” deyir. Mustafa qardaşının tezliklə sağalması üçün dua edir və əlindəki ulduzu səmaya doğru uçurur. Həmin an ulduzdan qopan zərrəciklər yerə səpələnməyə başlayır və onun gözlədiyi ən böyük möcüzə baş verir, qardaşı sağalır...

Uşaqlar, onların timsalında bütünlükdə insanlığa sevgi və mərhəmət hissi aşılayan filmin rejissoru Ahmet Sönmezdir. Filmdə rolları Süleyman Biçen, Berat Çağan, Serdar Özer, Açelya Devrim Yılhan, Toprak Can Adıgüzel və digər aktyorlar canlandırırlar.

Qeyd edək ki, “Ulduz tozu” III “Korkut Ata” kinofestivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib olub.

***

Festival boyu məni cəlb edən daha çox sənədli filmlər idi. “Həmişə 33 yaşında” bədii-sənədli filmi türkiyəli rejissor Murat Pay tərəfindən lentə alınıb. Festival jürisinin xüsusi mükafatına layiq görülən ekran əsəri İslam dünyasında tərtib və çap edilmiş hələ ki ilk ensiklopediyanın ərsəyə gəlməsindən bəhs edir.

Niyaz və Ekmel ilahiyyatçıdırlar. Niyaz ilahiyyat fakültəsi məzunu gənc, Ekmel isə 60 yaşlarında alimdir və universitetdə dərs deyir. Onların yolları Türkiyə Dəyanət Vəqfinin nəşr etdirdiyi “İslam ensiklopediyası”nda kəsişir. Filmdə 33 ilə başa gələn 44 cildlik ensiklopediyanın ortaya çıxmasında əməyi olan və bu işdə yaşlanan, lakin heç vaxt sevdiyi işdən əl çəkməyən nəşrin məsul katibi Niyazdan bəhs edilir.

Film ümumilikdə 15 əsrlik bir dövrü əhatə etməklə bütünlükdə İslam coğrafiyası və onun tarixi ilə bağlı bir sıra ölkələrdə aparılan araşdırmalara da nəzəri rakursdan baxmaq imkanı verir. Maarifləndirici ekran işi vasitəsilə biz 1983-cü ildən başlanıb 2016-cı ildə başa çatdırılan ensiklopediya sayəsində İslam dini, ona münasibət və həmin zaman nəhəng layihəni ərsəyə gətirən alim və qurumların üzləşdikləri çətinliklərə şahidlik edirik. Filmdə həyatı kitabxana, arxiv və müqəddəs məkanlarda keçən, yaşa dolduqca sevimli həyat yoldaşını, onunla birgə arzularını da torpağa tapşıran bir alim ömrü gözlərimiz qarşısında canlanır...

***

Haqqında bəhs etdiyimiz sonuncu ekran əsəri Qazaxıstan kinematoqrafçıları tərəfindən lentə alınan “Arqau” sənədli filmidir. Yeri gəlmişkən deyək ki, bu film festivalın “Ən yaxşı sənədli film” nominasiyasında 2-ci mükafatı qazanıb.

Film qədim Qazaxıstan torpağı haqqındadır. Zaman keçdikcə keçmiş dəyərlər unudulub, müqəddəs məfhumlar yaddaşlardan silinib... Filmin əsas məqsədi bu unudulmuş dəyərləri canlandırmaq və onların fəlsəfi mənalarına nüfuz etməkdir.

Ekran işində maraqlı müqayisələr və tarixi yaddaşa obyektiv nəzər var: İslamla birlikdə Qıpçaq çölünə ərəb-fars mədəniyyəti gəldi. İki mədəniyyətin uzunmüddətli toqquşması çöl sivilizasiyasının yaddaşlardan silinməsinə rəvac verdi. Sonradan Rusiya imperiyasının tərkibində oturaq həyat dövründə çöl sivilizasiyasının dəyərləri daha da unuduldu. Film də məhz bu yaddaş tarixçələrinə baxış, ən ucqar bölgələrdəki unudulmuş, tərk edilmiş insan təsvirlərini diqqət mərkəzinə gətirir.

Dauli Arbibekin ssenari müəllifi və rejissoru olduğu filmdə iki ahıl insanın – zamanında sürgün edilmiş qazaxla Stalinin, dolayısı ilə, sosializm sevdalısı İkinci Dünya müharibəsi veteranının mübahisələrinə yer verilir. Qazaxıstan Mədəniyyət Nazirliyinin sifarişi, Milli Kinoya Dövlət Dəstəyi Mərkəzinin yardımı ilə çəkilmiş film qazaxların unudulmuş adət-ənənələrinə işıq salır.

Həmidə