Stokholm şəhərində fəaliyyət göstərən Beynəlxalq Media Mərkəzi (İnternational Media Group Sweden) və SAF Azərbaycan Cəmiyyətlərinin təşkilatçılığı ilə “İz – Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı sənədli filmin təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov da iştirak edib.
Filmin nümayişindən öncə çıxış edən səfir azərbaycanlıların zaman-zaman indiki Ermənistan ərazisində qalan ata-baba yurdlarından deportasiya edilməsindən danışıb: “Təəssüflər olsun ki, dünyanın bir çox ölkələri bu həqiqətləri görməzdən gəlirlər. Belə sənət əsərlərinin dili ilə geniş tamaşaçı kütləsinə həqiqətləri çatdırmalıyıq”.
Ekran əsəri maraqla qarşılanıb.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Əlil Qadınlar Cəmiyyəti”nin layihəsi əsasında ərsəyə gələn filmdə qədim Qərbi Azərbaycanda mövcud olan tarixi abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsi, ötən əsrdə 4 dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin təzyiqi altında doğma torpaqlarını tərk etməyə məcbur qalmış soydaşlarımızın məşəqqətli həyat tarixçəsi əksini tapıb.