“Himayədar” gələn il ekranlara çıxacaq
Uzun illərdir media sektorunda yaddaqalan layihələrə imza atan Bakı Media Mərkəzi hazırda ölkəmiz üçün əhəmiyyətli bir filmin istehsalı üzərində çalışır. Bu, böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filmidir. Filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində baş verən mühüm tarixi hadisələr də öz əksini tapır.
Bu barədə Bakı Media Mərkəzinin məlumatında qeyd olunub. Bildirilir ki, tariximizin tanıdılmasında böyük əhəmiyyət kəsb edən bu ekran işinin çəkilişləri may ayında başlayıb və 120 çəkiliş gününün 90-ı yekunlaşıb. Film ümumilikdə 8 seriyadan ibarət olacaq. Layihənin kütləvi səhnələri üçün 1600 nəfər cəlb edilib, bundan başqa 70-dən çox məkanda çəkiliş aparılıb və 300-dən çox abidə tikilib.
Milli dəyərlərimizin təbliğinə töhfə verəcək layihənin rəhbəri və prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.
Çoxseriyalı filmin gələn il izləyicilərin ixtiyarına verilməsi nəzərdə tutulur. Xatırladaq ki, 2024-cü il böyük xeyriyyəçinin vəfatının 100 illiyidir. “Ekran işinin tamaşaçılar və kinosevərlər tərəfindən böyük maraqla qarşılanacağına ümid edirik”, – deyə məlumatda bildirilir.
Filmin ssenari müəllifləri İsmayil İman, Zaur Qasımlı və Asif İsgəndərli, rejissoru Zaur Qasımlıdır.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı media şirkətidir. Mərkəzin işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Miras”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, “BİZ”, “Şuşa, sən azadsan!” və digər filmlər var.