Vətən müharibəsinin daha bir qəhrəmanı haqqında film çəkilib

 

Tariximizin ən parlaq səhifəsinə çevrilən 44 günlük Vətən müharibəsində canı-qanı bahasına şanlı Zəfər qazanan igid oğullarımızın xatirəsi əziz tutulur, onların döyüş yolu barədə əsərlər yazılır, filmlər çəkilir.

Oktyabrın 19-da Nizami Kino Mərkəzində Vətən müharibəsi şəhidi Cavid Həsənova həsr olunmuş “Yuxumdakı şəhid” adlı tədbir və eyniadlı sənədli filmin təqdimatı keçirildi. Tədbir “Biz bir ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyi (İB) və “Uğur events” MMC-nin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Təqdimatdan əvvəl qəzetimizə müsahibə verən şəhidin anası Mirvari Həsənova filmin yaranma tarixçəsi haqqında danışdı. Dedi ki, filmin ideya müəllifi Günay Ağazadədir: “Biz bir ailəyik” İB-nin sədri, eyni zamanda Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin əməkdaşıdır. Bu universitetin şəhid məzunu II Fəxri xiyabanda Cavidlə yanaşı dəfn olunub. Günay xanım Cavidi yuxuda görür. Yuxusunu ata-anasına danışır. Hətta Cavid üçün ehsan da verirlər. O, Fəxri xiyabana gələndə Cavidin məzar daşındakı şəklindən anlayır ki, yuxuda gördüyü həmin o şəhiddir. Günay xanım şəhidlərimizdən birinin anım tədbirində oğlumun sinəmdə asılmış şəklini görüb məni tanıdı. Cavidi yuxuda gördüyünü, oğlumun ona “anamı sənə tapşırıram” dediyini söylədi...”.

Mirvari xanım deyir ki, filmin təqdimatı üçün 19 oktyabr tarixi təsadüfən seçilməyib. Bu tarixdə Cavidin mənimlə sonuncu telefon danışığı olub.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov və Xəzər Universitetinin rektoru İradə Xəlilova çıxış edərək Cavid Həsənovun göstərdiyi şücaətdən söz açdılar. Belə bir qəhrəman oğul böyütdüyü üçün şəhidin valideynlərinə minnətdarlıq ifadə olundu.

Bildirildi ki, Cavid Mikayıl oğlu Həsənov 1993-cü il martın 6-da Bakı şəhərində anadan olub. 1999-2006-cı illərdə 214 nömrəli tam orta məktəbdə, 2006-2010-cu illərdə isə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alıb. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında oxuyub. Gəncə şəhərindəki N saylı hərbi hissədə xidmətini başa vurduqdan sonra bir sıra sahələrdə çalışıb.

Vətən müharibəsi zamanı oktyabrın 20-də Xocavənd uğrunda döyüşlər zamanı şəhid olub. II Fəxri xiyabanda torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Filmin ideya müəllifi Günay Ağazadə dedi: “Hər dəfə məndən “qardaşın varmı” deyə soruşanda mən “xeyr” cavabını verirdim. Amma indi soruşanlara belə deyirəm: “Qardaşım var və şəhid olub”. Mən bu gün fəxrlə deyə bilərəm yaxşı ki, yuxuda belə olsa, Cavidi tanıdım. Allah Cavidə və bütün şəhidlərimizə rəhmət eləsin”.

Mirvari Həsənova filmin ərsəyə gəlməsində və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Daha sonra Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri bədii proqramla çıxış etdilər.

Sonda “Yuxumdakı şəhid” filmi nümayiş etdirildi. Filmin rejissoru Canəli Əkbərovdur.

Qeyd edək ki, Cavidin atası Mikayıl Həsənov Birinci Qarabağ müharibəsi qazisi, II qrup əlildir.

Nurəddin