İşğaldan azad edilmiş ərazilərdə 36 yaşayış məntəqəsinin layihələndirmə işləri yekunlaşıb, 37 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri davam etməkdədir. Daha 19 yaşayış məntəqəsinin layihələndirmə işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Bu barədə İşğaldan azad edilmiş ərazilər üzrə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında Prezident Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov məlumat verib.
İşçi qrupun iclası oktyabrın 23-də Laçın şəhərində keçirilib.
Diqqətə çatdırılıb ki, keçmiş məcburi köçkünlərin Zəngilanın Ağalı kəndinə, Tərtərin Talış qəsəbəsinə, Füzuli və Laçın şəhərlərinə, Laçın rayonunun Zabux kəndinə köçü təmin edilib və qarşıdakı aylarda “Böyük Qayıdış” I Dövlət Proqramı üzrə bu proses davam edəcək.
İşğaldan azad edilmiş ərazilərdə 160 hektar sahədə 124 mindən çox ağac tingi əkilib. 3000 kiloqram palıd və çinar toxumu səpilib, salınmış yaşıllıqların suvarılması məqsədilə damcılı suvarma sistemi quraşdırılıb. Bunu isə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumlar tərəfindən Laçın şəhərində aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri, Qarabağda kəhrizlərin bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarından təkrar xammal materialı kimi istifadə perspektivləri, yol-infrastruktur layihələrinin icrası zamanı ətraf mühitə minimum təsirə nail olunması və digər məsələlər nəzərdən keçirilib.