Qarabağın baş tacı, dağlar gözəli Şuşa ilin bütün fəsillərində əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir. Payız fəslində isə şəhər, xüsusən də Cıdır düzü, Xan qızı bağı, Şuşa qalasının ətrafı boyalarla işlənən tablonu xatırladır.
Ətrafdakı dağlar, yarpaqları qızılı rəngə çalan ağaclar, xəzanın sarı, qırmızı rəngləri ilə yanaşı, təzə-tər otların gözoxşayan yaşıllığı, yarpaqların, otların arasından boylanan müxtəlifrəngli incə çiçəklər, qayaların arasında bitən itburnu və yemişan kolları, gün ərzində şəhərin gah bu, gah da digər tərəfini bürüyən duman görənləri valeh edir. Bu gözəllikləri seyr edərək gəzdikcə payız otlarının yumşaqlığını və yarpaqların xışıltısını hiss edir, sanki başqa, sirli-sehrli bir aləmə düşürsən. Şuşanın qızılı payızı AZƏRTAC-ın bölgə müxbiri Tahir Ağaməmmədovun çəkdiyi fotolarda...