Oktyabrın 24-də böyük Azərbaycan şairi, dramaturq və mütəfəkkir Hüseyn Cavidin anadan olmasının 141-ci ildönümü münasibətilə ədibin Bakıdakı ev-muzeyində “Cavidşünaslıq” çoxcildliyinin 31 və 32-ci cildlərinin təqdimat mərasimi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, Hüseyn Cavidin Ev-Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi, fil.e.d. Gülbəniz Babaxanlı, muzeyin Cavidşünaslıq şöbəsinin müdiri fil.e.d., prof. Gülşən Əliyeva-Kəngərli, Nizami adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi fil.e.d. Lütviyyə Əsgərzadə çıxış ediblər.
Türkiyə, Qazaxıstan, Macarıstan, Polşa və Rusiyadan olan mətnşünas alimlərin, Bakıda fəaliyyət göstərən ev-muzeylərin rəhbərləri və cavidşünasların iştirak etdiyi mərasimini giriş sözü ilə çoxcildliyin elmi məsləhətçisi akademik İsa Həbibbəyli açıb. O, “Cavidşünaslıq” araşdırmalar toplusunu cavidşünaslığın salnaməsi, onun yaradıcılığına və şəxsiyyətinə ucaldılan abidə kimi qiymətləndirib. Bildirilib ki, “Cavidşünaslıq” toplusu həm humanitar elmimiz üçün bir hadisə, həm də ədəbiyyatşünaslığımız tarixində ilkin fundamental nəşrdir: “Çünki bu vaxta qədər nəinki ev-muzeylər arasında, hətta ölkədə konkret bir sənətkar haqqında olan materiallar bu formatda bir yerə toplanıb çoxcildlik halında nəşr edilməyib. Bu toplu və ədibin ev-muzeyinin çap etdirdiyi digər nəşrlər onu göstərir ki, Hüseyn Cavidin Ev-Muzeyi ölkəmizdə cavidşünaslığın əsas mərkəzidir”.
Akademik Teymur Kərimli “Cavidşünaslıq” toplusunun H.Cavid yaradıcılığı və şəxsiyyətinin vəhdətinin mükəmməl təzahürü olduğunu bildirib. Deyib ki, toplunun təqdim olunan növbəti cildlərinə 2018-2019-cu illərdə ölkədə və xaricdə dövri mətbuatda işıq üzü görən cavidşünaslıq materialları daxil edilib.
Cavidşünas alimlər – fil.e.d. Gülşən Əliyeva-Kəngərli və fil.e.d. Lütviyyə Əsgərzadə də toplunun bu cildlərinin elmi əhəmiyyətindən danışıblar. Muzeyin bu istiqamətdə fəaliyyətinin təkcə Cavidşünaslığa deyil, ümumilikdə humanitar elmimizə böyük xidmət olduğu bildirilib.
Hər iki cildin tərtibçisi və ön söz müəllifi fil.e.d. Gülbəniz Babaxanlı bu il muzeyin nəşr etdirdiyi kitablar haqqında məlumat verib. Bildirib ki, il ərzində nəşr edilən altı adda kitabın, o cümlədən təqdimatı keçirilən “Cavidşünaslıq” toplusunun 31-32-ci cildləri “Heydər Əliyev İli”nə də töhfədir.