Bakıda bu məqsədlə birinci subregional konfrans keçirilir
Oktyabrın 23-də Bakıda Mədəniyyət Nazirliyi və UNESCO-nun Dünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə “İpək Yolu Volqa-Xəzər Dəhlizi” 1-ci illik subregional konfransı işə başlayıb.
Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən konfransa Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyası (Tatarıstan Respublikası), İran, eləcə də Yaponiya və Britaniyadan nümayəndələr qatılıblar.
Konfransın açılışında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Pərvanə Vəliyeva tədbir barədə məlumat verib. Diqqətə çatdırılıb ki, konfrans “İpək Yolu Volqa-Xəzər dəhlizi transsərhəd nominasiyası” İşçi qrupuna daxil olan milli əlaqələndiriciləri, yerli və beynəlxalq ekspertləri, Dünya İrs Mərkəzi, Yaponiyanın Teikyo Universiteti (Tokio şəhəri), Böyük Britaniyanın London Universitet Kollecini və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (IICAS) nümayəndələrini bir araya gətirib.
Onu da qeyd edək ki, konfrans UNESCO və Yaponiyanın birgə layihəsi olan “İpək Yolunun dünya irsi nominasiyaları prosesinə dəstək” təşəbbüsü çərçivəsində təşkil edilib. Konfransın məqsədi “İpək Yolu Volqa-Xəzər dəhlizi transsərhəd nominasiyası”na təqdim ediləcək mədəni irs obyektlərinin müəyyənləşdirilməsi, müvafiq sənədlərin dəhlizə daxil olan 5 ölkənin rəsmi nümayəndələri, milli əlaqələndiriciləri, yerli və beynəlxalq ekspertlərlə müzakirə olunmasıdır.
Konfransda çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Elman Abdullayev bildirib ki, 2005-ci ildən etibarən UNESCO-nun Dünya İrs Komitəsinin təşəbbüsü ilə reallaşan “Transsərhəd İpək Yolu abidələrinin nominasiyası” proqramı həyata keçirilir. Azərbaycan Respublikası 2018-ci ildə sözügedən proqrama qoşulub. Bu proqram tarixi İpək Yolunun üzərində yerləşən ölkəmizin zəngin mədəni və tarixi irsinin beynəlxalq səviyyədə təbliği, həmçinin abidələrimizin Dünya İrs Siyahısına daxil edilməsi, eləcə də onların qorunmasında mühüm əhəmiyyətə malikdir.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov keçirilən tədbirin uğurlu olacağına inandığını bildirib. İpək Yolu üzərində zəngin mədəni irs nümunələrinin olduğunu deyən nazir müavini Azərbaycanın bununla bağlı layihələrdə çox fəallıq göstərdiyini qeyd edib. Vurğulanıb ki, ölkəmiz mədəniyyətlərarası dialoqun təşviqi üçün bir çox platformalarda fəal iştirak edir. Mədəni irsin qorunması, həmçinin bu istiqamətdə görülən işlər ölkə olaraq bizim üçün çox vacibdir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva İpək Yolunun əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu yol tarixən bizi sadəcə ticarət üçün deyil, eyni zamanda mədəni, iqtisadi sahədə də birləşdirib, xalqları bir-birinə yaxın edib, mədəniyyətləri qovuşdurub.
Tədbirdə digər çıxış edənlər – UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının ikinci katibi Emil Əhmədov, Yaponiyanın Azərbaycandakı Səfirliyinin müşaviri Takeya Yukihiro və UNESCO-nun Dünya İrs Mərkəzinin Asiya və Sakit Okean Bölməsi üzrə layihə mütəxəssisi professor Roland Lin İpək Yolu üzərində olan şəhərlərin tarixindən, mədəni irsin qorunması və tanıdılması istiqamətindəki işlərdən söz açıblar.
Bildirilib ki, Böyük İpək Yolu keçdiyi ölkələrin həyatında mühüm rol oynayıb, onların digər ölkələrlə əlaqələrinin inkişafına böyük təkan verib. Şərqdən-Qərbə uzanan İpək Yolu vasitəsilə ticarət yollarının əhəmiyyəti getdikcə artıb, Avrasiya məkanında bir-birinin ardınca yaranan böyük dövlətlər arasında dostluq və əməkdaşlıq əlaqələri güclənib.
Sonra professor Roland Linin moderatorluğu ilə 1-ci illik subregional konfransın məqsədi ilə bağlı Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan ekspertlərinin fəaliyyətlərinin gedişatı müzakirə edilib.
Bildirilib ki, tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçib. Avropa ölkələrinə əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, mirvari və sair daşınıb. Bu gün tarixi İpək Yolunun bərpası dəniz nəqliyyatını Avropa və Asiya ölkələri arasında tranzit yük axınına malik olan mühüm nəqliyyat vasitəsinə çevirib.
***
Oktyabrın 24-də “İpək Yolu Volqa-Xəzər Dəhlizi” 1-ci illik subregional konfransı plenar müzakirələrlə davam edib.
Böyük Britaniyanın London Universitet Kollecinin professoru Tim Vilyams, Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun direktoru Dmitri Voyakin və Yaponiyanın Teikyo Universitetinin, Mədəni Varlıqların Tədqiqat İnstitutunun professoru Kazuya Yamauçi transmilli proqramın həyata keçirilməsi üzrə təcrübələrə dair fikirlərini bölüşüblər.
Tədbirdə həmçinin “Transsərhəd İpək Yolu abidələrinin nominasiyası” proqramının əhəmiyyətindən söz açılıb. Proqramın İpək Yolunun üzərində yerləşən ölkələrin zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliğ olunmasında əhəmiyyəti vurğulanıb, bu yolun təkcə iqtisadi deyil, həm də mədəni sahədə birləşdirici rolu qeyd olunub.
Konfrans iştirakçıları “İpək Yolu Volqa-Xəzər dəhlizi”nin müəyyənləşdirilməsi və sənədləşdirilməsi layihəsi üzrə iştirakçı ölkələrin əldə etdiyi tərəqqi və onun ayrı-ayrı potensial komponentlərinin konservasiya vəziyyətini nəzərdən keçiriblər.
Qeyd edək ki, bu görüşün hədəfi həmçinin layihənin ümumi icra planını, “İpək Yolu Volqa-Xəzər dəhlizi” dünya irsi üzrə namizədlik prosesinin koordinasiya mexanizmini razılaşdırmaqdır.
Konfrans oktyabrın 25-də işini başa vuracaq.