Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi və tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə dövlət başçısına məlumatın verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Oktyabrın 24-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Proqramının icrasına həsr olunan iclas keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Dövlət Proqramının icrasına məsul olan aidiyyəti dövlət qurumlarının rəhbərləri və işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iştirak ediblər.
İclasda Dövlət Proqramında nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa operativ və səmərəli təmini məqsədilə yaradılmış çoxfunksional interaktiv (onlayn rejimdə kamera və peyk xəritələri) elektron portalın təqdimatı (boyukqayidish.gov.az) keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2023-cü ilin birinci yarısı üzrə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində aparılmış monitorinqin nəticələri barədə hesabatla çıxış edib.
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri tərəfindən görülən işlər barədə məlumat verilib.
Müzakirələr zamanı Dövlət Proqramının icrası zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb.
İclasın yekununda Dövlət Proqramının icrası istiqamətində aparılmış monitorinq və qiymətləndirmənin nəticələri barədə hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi, habelə Dövlət Proqramının növbəti icra mərhələsində işlərin operativ, vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, icra prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.