Prezident İlham Əliyev oktyabrın 24-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin etimadnaməsini qəbul edib.
Dövlət başçısı səfirlə söhbət edib. İkitərəfli münasibətlərin istər siyasi, istərsə də iqtisadi sahələrdə uğurla inkişaf etdiyini deyən İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunub, onların işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma layihələri ilə bağlı fəal işlədiklərini vurğulayıb və bu istiqamətdə yaxşı əməkdaşlığın olduğunu bildirib.
Prezident işğaldan azad edilmiş ərazilərdə insanların rahat yaşaması üçün müasir texnologiya, yaşıl enerji, “ağıllı kənd” konsepsiyalarının həyata keçirildiyini diqqətə çatdıraraq bunların iki ölkənin əməkdaşlığında yeni istiqamətlər yaratdığını deyib.
SOCAR-ın İsveçrədəki fəaliyyətini, İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoymasını biznes əlaqələrində yaxşı göstərici kimi dəyərləndirən dövlət başçısı qarşıdakı illərdə əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Səfir, ilk növbədə, Qarabağa səfərinə toxunaraq orada gedən yenidənqurma işləri ilə tanış olduğunu qeyd edib, İsveçrə şirkətlərini buraya dəvət etmək istəyini dilə gətirib.
Azərbaycanla 20 ilə yaxındır əməkdaşlıq proqramının həyata keçirildiyini bildirən Tomas Ştel İsveçrə şirkətlərinin Azərbaycanda makroiqtisadi sahədə, eləcə də maliyyə və özəl sektorların inkişafındakı fəaliyyətlərini məmnunluqla qeyd edib.
***
Prezident İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanında etimadnaməsini qəbul edib.
Daha sonra səfirlə söhbət edən dövlət başçısı ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu, qarşılıqlı təmasların, xüsusilə dövlət rəhbərlərinin səfərlərinin əməkdaşlığı genişlənməsinə verdiyi töhfəni vurğulayıb.
Prezident iqtisadi əlaqələrə toxunaraq ticarət, investisiya və digər sahələrdə daha geniş imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib.
Ölkəmizdə gördüyü yüksək qonaqpərvərliyi qeyd edən səfir Azərbaycandakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.
Edqars Skuya Latviya Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini İlham Əliyevə çatdırıb. Prezident dəvəti minnətdarlıqla qəbul edib.
Görüşdə Azərbaycan və Latviyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib, Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanda əlaqələndirici funksiyasını yerinə yetirməsindən məmnunluq ifadə olunub. Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı ilə əlaqələrinin inkişafında üzv dövlət olaraq Latviyanın verdiyi dəstək yüksək qiymətləndirilib.