Oktyabrın 16-dan 19-dək Tacikistanın paytaxtı Düşənbədə “Taci Somon” Birinci Düşənbə Beynəlxalq Film Festivalı keçirilib. 25 ölkədən 75 filmin nümayiş olunduğu festivalda Azərbaycanı “Hasar” (rejissor Qulu Əsgərov) və “Sonuncu foto” (rejissor Türkan Hüseynova) filmləri təmsil edib.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Emin Nəcəfov da festivalda iştirak edib.

Festival çərçivəsində “Tacikfilm” kinostudiyası ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanıb. Memorandum müştərək kino layihələrinin həyata keçirilməsi, təcrübə mübadiləsi, yaradıcı gənclərin dəstəklənməsi, habelə kino günlərinin və digər tədbirlərin keçirilməsi kimi məsələləri əhatə edir.