Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qubadlı Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Kitabxanadan bildiriblər ki, virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, kitablar, ənənəvi sərgidə isə Qubadlı şəhəri haqqında, eləcə də Milli Kitabxananın fondunda mühafizə olunan Vətən müharibəsini və Böyük Zəfəri əks etdirən kitablar və materiallar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qubadl%C4%B1_bizimdir/index.htm linkindən istifadə edə bilər.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Müzəffər Azərbaycan Ordusunun Qubadlı şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad etməsi tarixi ilə bağlıdır.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən 25 Oktyabr - Qubadlı Şəhəri Günü ilə əlaqədar silsilə materiallar - virtual kitab sərgisi, videomaterial, internet resursları bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, hazırlanan materiallarda Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı rayonunun yaranma tarixi, etnoqrafiyası, iqtisadi-coğrafi mövqeyi, mədəni-dini obyektləri - məscidləri, türbələri, alban mədəniyyət qalıqları, Laləzar, Bərgüşad kimi körpüləri haqqında geniş məlumat verilib. Materiallarda erməni işğalı dövründə ərazilərin məruz qaldığı vandallıq aktları - tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalq-iqtidar-Ordu birliyi nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Qubadlı rayonunun işğaldan azad olunması haqqında məlumatlar təqdim edilir. Videomaterialda dövlətimizin başçısının xalqa müraciətlə Qubadlının geri alınması xəbərini verməsinə, Qubadlı rayonunda aparılan yenidənqurma işlərinə dair görüntülər də yer alır.

“Qubadlı şəhəri günü” adlı virtual kitab sərgisində Prezident İlham Əliyevin şəhər günlərinin təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Vətən simurqları”, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “Qubadlı: Qədim Azərbaycan torpağı, Zəngəzurun qapısı”, “Azərbaycan dilinin Qubadlı şivələri”, “Dolub-boşalan Qubadlı”, “Qubadlı görüşünə gəlmişəm” kimi 20-dən çox kitabın, “İşğal tarixi silinir”, “Qubadlı: 30 ilin o başı, bu başı” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.

Qubadlı Şəhəri Günü ilə əlaqədar kitabxananın rəsmi saytında, həmçinin elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Qubadlı şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Hazırlanan materiallarla tanış olmaq istəyənlər https://ryl.az/multimedia/qubadli-seheri-gunu

https://ryl.az/multimedia/25-oktyabr-qubadli-seheri-gunu linkindən istifadə edə bilərlər.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli kitabxana filialı da Qubadlı Şəhəri Günü ilə əlaqədar “Sən azadsan, Qubadlı!” adlı videoçarx hazırlayıb.

Videoçarxda Qubadlı rayonunun çoğrafi mövqeyi, xəritəsi, inzibati strukturu, iqtisadiyyatı, habelə sosial və mədəniyyət obyektləri, Ermənistan tərəfindən işğalı, 44 günlük Vətən müharibəsində azad edilməsi haqqında məlumat verilir.

Videoçarxı https://az.baku-art.com/az/sen-azadsan-qubadli-adl-videocharx-haz-rlan-b/ linki vasitəsilə izləmək olar.