Azərbaycan

 

27 oktyabr 1900 – Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor, aktyor Mixail İvanoviç Jarov (1900-1981) Moskvada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrında (1933-1937) çalışıb.

27 oktyabr 1931 – Xalq artisti, opera müğənnisi (bariton) Mürsəl Tağı oğlu Bədirov (1931 – 26.2.2003) Dərbənd şəhərində doğulub. 1956-cı ildən Akademik Opera və Balet Teatrının solisti olub.

27 oktyabr 1931 – Əməkdar elm xadimi, filosof alim, professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub.

27 oktyabr 1932 – Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynalabdin oğlu Zeynallı (5.4.1909 – 1932) vəfat edib. Tamaşalara musiqi bəstələyib, Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.

27 oktyabr 1936 – Xalq artisti, tanınmış diktor Sabir Məmməd oğlu Ələsgərov (1936 – 20.11.2020) Tiflisdə doğulub. Azərbaycan Radiosu və Televiziyasının baş diktoru olub.

27 oktyabr 1937 – İctimai xadim, diplomat, publisist Ramiz Abutalıb oğlu Abutalıbov (1937 – 1.1.2022) anadan olub. 1970-80-ci illərdə SSRİ-nin UNESCO-dakı nümayəndəliyində  çalışıb, 1992-2004-cü illərdə Azərbaycanın təşkilatda daimi nümayəndəsi olub.

27 oktyabr 2001 – Prezident Heydər Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, ictimai xadim Mirzə İbrahimovun 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

27 oktyabr 2006 – Prezident İlham Əliyev görkəmli xalçaçı-rəssam Lətif Kərimovun 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

27 oktyabr 2015 – Prezident İlham Əliyev Şəki şəhərində Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Ev-muzeyi 2018-ci il avqustun 31-də açılıb.

27 oktyabr 2021 – Əməkdar rəssam, heykəltaraş Zeynalabdin Əli oğlu İsgəndərov (26.7.1949 – 2021) vəfat edib. Görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrini, barelyeflərini hazırlayıb.

 

28 oktyabr 1911 – Xalq yazıçısı, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (1911 – 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. Əsərləri: “Gələcək gün”, “Böyük dayaq” (romanlar), “Həyat”, “Kəndçi qızı” (pyeslər) və s. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) olub, Yazıçılar Birliyinə rəhbərlik edib.

28 oktyabr 1927 – Tanınmış tarzən Şirin Məşədi Hüseyn oğlu Axundov (1878 –1927) vəfat edib. Bir çox ustad xanəndələri müşayiət edib.

28 oktyabr 1980 – Bakıda yazıçıların Ümumittifaq yaradıcılıq konfransı başlayıb. Sovet İttifaqının 60-dan çox xalqının ədəbiyyat xadimlərinin qatıldığı konfrans 31 oktyabradək davam edib.

 

29 oktyabr 1935 – Şair-dramaturq Əvəz Mahmud Lələdağ (Əvəz Cəlal oğlu Mahmudov) Zəngəzur mahalının Ağdü kəndində anadan olub. Kitabları: “Dağlar marala qaldı”, “Ömür payı”.

29 oktyabr 1941 – Xalq artisti Ağaxan Əli oğlu Salmanlı (1941 – 29.2.2020) Bakıda anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Televiziya tamaşalarında çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib.

29 oktyabr 1949 – Tanınmış aktyor Şahin Cəbrayılov (1949 – 5.9.2007) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə (“Yol əhvalatı”, “Qızıl uçurum”) çəkilib.

29 oktyabr 1996 – Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılış mərasimi keçirilib. Prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılan məqbərənin layihə müəllifi Əməkdar memar Rasim Əliyev, heykəltaraşı Xalq rəssamı Ömər Eldarovdur.

29 oktyabr 2013 – Prezident İlham Əliyev Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinə aid Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Qədim yaşayış məskəninin 2800 illiyi ilə bağlı mərasim Mədəniyyət və Turizm Nazirliyi, AMEA və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2014-cü il oktyabrın 24-də keçirildi.

29 oktyabr 2004 – Tanınmış rəssam, animator, kitab illüstratoru Nazim Məmmədov (1934 –2004) vəfat edib.

 

30 oktyabr 1880 – Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (1880 – 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub.

30 oktyabr 1907 – Əməkdar mədəniyyət işçisi, jurnalist, tərcüməçi Adil Ələddin oğlu Əfəndiyev (1907-1973) Bakıda doğulub. Rusca-azərbaycanca üçcildlik lüğətin tərtibçisidir, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.

30 oktyabr 1928 – Tanınmış sənətşünas alim, akademik Rasim Səməd oğlu Əfəndiyev (1928 – 13.2.2010) Qazaxda doğulub. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitablarının müəllifdir. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.

30 oktyabr 1992 – Əməkdar incəsənət xadimi, şair Tofiq Mütəllim oğlu Mütəllibov (13.4.1929 – 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.

30 oktyabr 2005 – Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950 – 2005) vəfat edib.

 

31 oktyabr 1910 – Əməkdar artist Ağa Əsgər oğlu Məmmədov (1910-1973) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Tiflis Azərbaycan Dram, Gəncə Dövlət Dram teatrlarının aktyoru olub.

31 oktyabr 2012 – Bakıda görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün abidəsinin (heykəltaraş: Akif Əsgərov) açılışı keçirilib. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.

31 oktyabr 2018 – Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Dünya

 

27 oktyabr 1449 – Böyük türk (özbək) mütəfəkkiri, astronom və riyaziyyatçı, dövlət xadimi Məhəmməd Tarağay Uluqbəy (22.3.1394 – 1449) vəfat edib.

27 oktyabr 1782 – İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini; 1782 – 27.5.1840) anadan olub.

27 oktyabr 1883 – Litva ədəbiyyatında romantizmin görkəmli nümayəndəsi, şair və dramaturq Mikolas Vaytkus (Mykolas Vaitkus; 1883–1973) anadan olub.

 

28 oktyabr Beynəlxalq Animasiya Günüdür (International Animation Day). 1892-ci ilin 28 oktyabrında fransalı ixtiraçı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib.

28 oktyabr 1936 – Məşhur ukraynalı teatr rejissoru, Ukraynanın və Rusiyanın Xalq artisti Roman Qriqoryeviç Vityuk (1936 – 17.11.2020) anadan olub.

28 oktyabr 1957 – Türkiyə müğənnisi, bəstəkar Əhməd Qaya (1957 – 16.11.2000) Malatyada anadan olub.

 

29 oktyabr 1863 – Beynəlxalq Qırmızı Xaç Komitəsinin (International Committee of the Red Cross - ICRC) yarandığı gündür. İsveçrəli xeyriyyəçi və ictimai xadim Anri Dünan (Jean Henri Dunant; 1828-1910) tərəfindən təsis edilən humanitar təşkilat silahlı münaqişələrdən zərər çəkənlərə yardım göstərir.

 

30 oktyabr 1751 – İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan; 1751-1816) anadan olub.

30 oktyabr 1871 – Fransız şairi, yazıçı, filosof Pol Valeri (Paul Valery – Ambroise Paul Toussaint Jules Valery; 1871-1945) anadan olub.

 

31 oktyabr 1922 – SSRİ-nin Xalq artisti Anatoli Papanov (1922 - 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” və s.

31 oktyabr 1993 – İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini;  20.1.1920 – 1993) vəfat edib. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım” və s.

Hazırladı: V.Orxan