Uşaq və yeniyetmələrə vətənpərvərlik duyğularının aşılanması üçün ədəbi-bədii materiallar, kiçik həcmli əsərlər xüsusi əhəmiyyətə malikdir.
Bu mənada yazıçı Çinarə Köçərlinin qələmə aldığı “44 gün Qarabağda” adlı uşaqlar üçün hekayələrdən ibarət üçcildlik maraqlı nümunələrdəndir. İkinci Qarabağ müharibəsi, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən igid oğulların şücaətinin təsvir olunduğu nəşr bizi həm də haqq mübarizəmizlə tanış edir. Kitabda yer alan hekayələr real hadisə və faktlar əsasında qələmə alınıb.
Kitab 44 hekayə olmaqla ümumilikdə 3 cilddə nəzərdə tutulub. Artıq II cild də oxucuların ixtiyarına verilib. “Şuşa fəthi” adlı bu cilddə Şuşanın azadlığı uğrunda misli görünməmiş fədakarlıqlar edən Vətən oğullarının döyüş yolu məlum faktlara əsasən bədii çalarlarla öz əksini tapıb. Hər bir hekayə rəngli illüstrasiyalarla müşayiət olunur.
Nəşrdə əsgər və zabitlərimizin təltif edildiyi orden və medallar, döyüşlərdə istifadə edilən hərbi texnikalar haqqında geniş məlumatlar, azad olunan ərazilərimizin işğal və qurtuluş tarixləri ilə bağlı qeydlər də yer alıb.