Olaylar, faktlar (27–30 oktyabr)
105 il əvvəl...
30 oktyabr 1918-ci ildə I Dünya müharibəsində məğlub duruma düşən Osmanlı dövləti müharibənin qalibi sayılan Antanta ölkələri (Britaniya, Fransa, ABŞ) ilə Mudros sülh sazişi imzalayaraq qoşunlarını Azərbaycandan və bütün Cənubi Qafqazdan çıxarmaq barədə öhdəlik götürüb. Bakını tərk edən türk qoşunlarının yerinə şəhərə ingilis qüvvələri daxil oldu.
100 il əvvəl...
29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin yarandığı elan edilib. Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Mustafa Kamal Atatürk ölkənin ilk prezidenti seçilib.
96 il əvvəl...
28 oktyabr 1927-ci ildə Türkiyə Cümhuriyyətində ilk dəfə əhali siyahıya alınıb. 63 vilayət, 328 qəza və 40 minə yaxın kəndi əhatə edən siyahıyaalmanın nəticələrinə görə, əhali sayı 13 milyon 650 min nəfər müəyyən edilmişdi.
85 il əvvəl...
28 oktyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığının əmri ilə Dövlət Musiqili Komediya Teatrı (Azərbaycan və rus truppası) yaradılıb. 1948-ci ildə bir sıra teatrların özünümaliyyələşdirməyə keçməsi ilə bağlı fəaliyyətini dayandırıb. 1956-cı ildə fəaliyyətini bərpa edib. 2013-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrı adlandırılıb, 2019-cu ildə teatra “Akademik” statusu verilib.
80 il əvvəl...
28 oktyabr 1943-cü ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Böyük Vətən müharibəsində “faşistlərə yardım etmiş xalqlar barəsində” qərar qəbul edib. Qərarda Şimali Qafqaz, Volqaboyu və Krımın əksər xalqları “qara siyahıya” salınıb. 1944-cü ilin iyununadək 400 min çeçen, 140 min kalmık, 200 min Krım tatarı, 100 min inquş, 80 min qaraçay, 40 min balkar Mərkəzi Asiya və Sibirə deportasiya edilib. Bu xalqların reabilitasiyası barədə qərar Stalinin ölümündən (1953) sonra verildi.
30 il əvvəl...
27-29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və Arazboyu kəndləri, Cəbrayıl rayonunun Arazboyu kəndləri və Zəngilan rayonu işğal olunub. 27 oktyabrda Horadizi ələ keçirən ermənilər Bakı-Mincivan avtomobil və dəmir yollarını kəsiblər. Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə Bakıya səfərə gələn İran Prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani mühasirədən çıxa bilməyən əhalinin Araz çayından İrana keçməsinə razılıq verib. Zəngilan Azərbaycanın Ermənistan tərəfindən işğal edilən axırıncı rayonu oldu. 27 il sürən işğala 2020-ci ilin Vətən müharibəsində son qoyuldu.
28 il əvvəl...
28 oktyabr 1995-ci ildə Bakı metrosunda dəhşətli qəza baş verib. “Nərimanov” və “Ulduz” stansiyaları arasında sərnişin qatarında baş vermiş yanğın nəticəsində, rəsmi məlumatlara görə, 286 nəfər həlak olmuşdu. 269 nəfər xəsarət almış, 400 nəfər xilas edilmişdi. Bu, dünya tarixində ən böyük metro qəzası idi.
24 il əvvəl...
27 oktyabr 1999-cu ildə Ermənistanda Parlamentin iclası zamanı baş nazir Vazgen Sarkisyan, spiker Karen Dəmirçyan, hökumət üzvü və parlamentin deputatı olan daha 6 nəfər qətlə yetirilib. Nairi Unanyanın başçılıq etdiyi silahlı dəstənin törətdiyi terrorun gerçək sifarişçiləri indiyədək naməlum qalır.
6 il əvvəl...
30 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təntənəli açılışı olub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Ələt qəsəbəsi) keçirilən mərasimdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirləri iştirak etmişdilər. 850 kilometrlik yolun 504 kilometri Azərbaycan ərazisindən keçir.
Hazırladı: V.Orxan