BMT-nin baş katibindən bədbin mesaj

 

Dünya uçurumun astanasındadır və daha çox insan zərər çəkmədən tədbirlər görülməlidir.

BMT-nin baş katibi Antonio Quterreş bunu 24 oktyabr – Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə sosial platformasında yazıb.

“BMT Nizamnaməsinin qüvvəyə minməsinin 78-ci ildönümündə mən hər kəsi zorakılıq nəticəsində daha çox insanın həyatına son qoymadan və bu, daha da yayılmadan uçurumdan geri çəkilməyə çağırıram”, – deyə baş katib bildirib.

Qeyd edək ki, baş katib Antonio Quterreş bədbin mesajı hazırda bütün dünyanın diqqət kəsildiyi Fələstin-İsrail münaqişəsi kontekstində verib. Münaqişənin yenidən alovlanması, əslində, həm də beynəlxalq birliyin onilliklərdir bu məsələdə nümayiş etdirdiyi bacarıqsızlığın nəticəsidir. BMT-nin 1947-ci ildə problemin “iki  dövlət” formulu əsasında (yəhudi-İsrail və ərəb-Fələstin dövlətləri) çözümü ilə bağlı qəbul etdiyi qətnamə hələ də reallaşmayıb.

Bu arada BMT baş katibinin oktyabrın 7-də başlanan gərginliyin dərinləşməsi və İsrail ordusunun HƏMAS təşkilatının hücumuna cavab əməliyyatında çoxlu sayda dinc insanın, o cümlədən uşaqların öldürülməsi ilə bağlı açıqlamaları İsrail tərəfində böyük etiraz doğurub. İsrail Antonio Quterreşin mövqeyinə görə BMT nümayəndələrinə viza verməkdən imtina edəcəyini bildirib.

Oktyabrın 26-na olan məlumatlara əsasən, İsrailin Qəzza zolağına endirdiyi zərbələrdən ölənlərin sayı 6,5 mini keçib. Həlak onlardan 2 mindən çoxu uşaq, daha 2 mini qadın və qocalardır. Qəzza zolağında 1,5 milyon sakin (ümumi əhalinin təxminən 70%-i) evlərini tərk etmək məcburiyyətində qalıb.

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayının da 1500-dən çox olduğu bildirilir.