Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinin qalereyasında azərbaycanlı gənc rəssam Şənay Sadiqin Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi sərgisi açılıb.

“Cümhuriyyət” adlı sərginin açılışında Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) sədri Nəriman Qurbanov, Türkiyənin Yunus Əmrə İnstitutunun nümayəndəsi, mədəniyyət və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Mərasimdə səfir Ali Kaan Orbay, muzeyin elmi işçisi Leyla Əliyeva Azərbaycan-Türkiyə qardaşlığından danışıb, gənc rəssama uğurlar arzulayıblar.

Bildirilib ki, sərgidə 20-dən çox əsər nümayiş etdirilir. Şənay Sadiq qeyd edib ki, bu rəsmlərdə təkcə özünün deyil, bütün azərbaycanlıların qardaş Türkiyəyə olan sevgisini ifadə etmək istəyib.