Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard dollardan çox olub və bunun təqribən 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.
Azərbaycan Prezidenti İlham Əliyev bu barədə oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir.
“Eyni zamanda biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik”, – deyə İlham Əliyev əlavə edib.
Prezident vurğulayıb ki, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir: “Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin – Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq”.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır. Növbəti illərdə biz qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq.
Ölkəmizin təbii sərvətlərinin istifadəsi üçün böyük potensialın olduğunu deyən İlham Əliyev külək enerjisinin potensialını xüsusi vurğulayıb: “Bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanı verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var”.
Prezident qeyd edib ki, Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır: “Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk.Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verimişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub”, – deyə dövlətimizin başçısı bildirib.
Qeyd edək ki, 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin iştirakı ilə inşa edilib. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” və “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməli 2022-ci il martın 15-də “Gülüstan” Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiyaya 262 milyon dollar həcmində xarici sərmayə qoyulub. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunacaq.