İpək Yolunun iqtisadiyyatdan mədəniyyətədək fürsətləri bu dəfə Tbilisidə müzakirə olunur
26-27 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə IV İpək Yolu Forumu keçirilir. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti forumda iştirak edir. Nümayəndə heyətində mədəniyyət naziri Adil Kərimli də təmsil olunur.
Mədəniyyət naziri Adil Kərimli oktyabrın 26-da Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yerləşdiyi binanın vəziyyəti ilə tanış olub. Teatrın yaradıcı heyəti, repertuarı, beynəlxalq festivallarda iştirakı barədə ətraflı məlumat verilib.
Daha sonra nazir Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinə, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin ev-muzeylərinə baş çəkib, mədəniyyət ocaqlarının cari vəziyyəti və fəaliyyəti ilə tanış olub.
Tbilisi Milli Botanika Bağı ərazisindəki Heydər Əliyev adına xatirə bağı da ziyarət olunub. Sonda Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərinin dəfn olunduğu panteona baş çəkilib, soydaşlarımızın məzarları üzərinə gül dəstələri qoyulub.
Qeyd edək ki, oktyabrın 27-də nümayəndə heyəti Tbilisi şəhərindəki Heydər Əliyev adına parkı və Ümummilli liderin abidəsini ziyarət edəcək. 2004-cü ildə açılan və 2007-ci ildə yenidən qurulan parkda Heydər Əliyevin büstü (heykəltaraş, Xalq rəssamı Natiq Əliyev) qoyulub.
Oktyabrın 27-də Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlatma mərasiminin keçirilməsi də nəzərdə tutulub.
***
Oktyabrın 26-da isə Tbilisi İpək Yolu Forumunun rəsmi açılış mərasimi olub. “Bu gün bir-birimizə bağlanaraq sabahı dayanıqlı edirik” (Connecting Today Resilient Tomorrow) devizi ilə keçirilən tədbirə 60-a yaxın ölkədən yüksəkvəzifəli rəsmi şəxslər, eləcə də özəl sektor təmsilçiləri qatılıb.
Forumun əvvəlində nümayiş etdirilən sənədli filmdə Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin, eləcə də Qara dənizin dibindən keçəcək kabelin dünya ölkələri üçün də əhəmiyyətindən bəhs olunub.
Gürcüstan Hökumətinin himayəsi ilə keçirilən forumun əsas məqsədi İpək Yolu təşəbbüsünün təmsilçiləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün əməkdaşlığın, beynəlxalq və regional ticarət əlaqələrinin dərinləşdirilməsi məqsədilə platforma yaratmaqdır. Tədbir Avropa və Asiya ölkələri arasında ticari-iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından ən yaxşı imkanlardan biri hesab edilir.
Baş nazir Əli Əsədov tədbirdə çıxış edib. Forumun dünyada baş verən son dəyişikliklər fonunda iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları ilə əlaqədar yaranan çağırışlar baxımından əhəmiyyətini vurğulayan Əli Əsədov deyib ki, Azərbaycan və Gürcüstan tarixən Avropa ilə Asiya arasında iqtisadi-ticari əlaqələrdə körpü rolunu oynayıblar və bu missiya indi də davam edir.
Qeyd edilib ki, Azərbaycan və Gürcüstan 1990-cı illərin sonlarında Böyük İpək Yolunun bərpası konsepsiyasını ilk dəstəkləyən ölkələrdən olublar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın keçirilməsi təşəbbüsünə ilk qoşulan Gürcüstanın ovaxtkı Prezidenti Eduard Şevardnadze olub, həmin mötəbər konfrans 1998-ci ildə 9 ölkənin dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə Bakıda keçirilib. Avropa İttifaqının TRACECA Proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb.
Baş nazir Azərbaycanın regional nəqliyyat dəhlizinin inkişafı üçün gördüyü işləri qeyd edib və müsbət nəticələrin əldə olunduğunu vurğulayıb. Bildirib ki, Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Növbəti il üçün hədəf bu müddəti iki dəfəyə qədər (11-15 günə) endirməkdir. Bu dəhliz dünya miqyasında ən təhlükəsiz və operativ dəhlizlərdən birinə çevriləcək. Orta Dəhlizin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Eyni zamanda Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də Orta Dəhlizin fəaliyyətinə töhfə verəcək.
Əli Əsədov əlavə edib ki, regionda yaranmış yeni reallıqlar bölgədə çoxtərəfli əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə çıxması üçün yaxşı imkanlar deməkdir və bütün region ölkələrinə iqtisadi və ticari dividendlər gətirəcək.
Baş nazir Azərbaycanın və Gürcüstanın birlikdə həyata keçirdikləri layihələrin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi, perspektivdə isə Cənub Qaz Dəhlizi ilə Avropaya nəql olunan Azərbaycan qazının həcminin iki dəfə artırılacağı, eyni zamanda Avropaya yaşıl enerji körpüsünün salınmasına başlandığını diqqətə çatdırıb.
Forumun işinə uğurlar arzulayan Əli Əsədov aparılacaq müzakirələrin və qəbul ediləcək qərarların Böyük İpək Yolunun inkişafına töhfə verəcəyinə, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə regional əməkdaşlığın genişləndirilməsinə şərait yaradacağına inamını vurğulayıb.
***
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili son illər İpək Yolunun inkişafı, irimiqyaslı enerji, nəqliyyat və logistik layihələrin inkişaf perspektivləri və gələcəkdə görülməsi vacib tədbirlər barədə danışıb, regionda sülhün və sabitliyin vacibliyini xüsusi qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışında ölkəsinin regional nəqliyyat layihələrində iştirakda maraqlı olduğunu, bunun üçün lazımi addımların atıldığını bildirib, habelə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlərini bölüşüb.
Monteneqronun hökumət başçısı da ölkəsinin İpək Yoluna verdiyi diqqətdən, irimiqyaslı enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən söhbət açıb.
Forum panel iclaslarda işini davam etdirib.
Qeyd edək ki, Tbilisi İpək Yolu Forumu daha əvvəl 2015, 2017, 2019-cu illərdə keçirilib.