Qubadlının azad edilməsi Laçın və Şuşaya doğru zəfər yürüşünə daha bir zəmin oldu
Bir aya yaxındır ki, İkinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 26-da xalqa müraciətə bu sözlərlə başlayıb. Dövlət başçısının xalqa növbəti tarixi müraciəti 27 il əvvəl Ermənistanın işğal etdiyi daha bir rayon mərkəzinin – Qubadlı şəhərinin müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunması ilə bağlı idi.
Vətən müharibəsinin 30-cu günü idi. Artıq işğalçının beli qırılmışdı. Qubadlının azad edilməsi müzəffər Silahlı Qüvvələrimizin Laçın və Şuşa istiqamətlərində irəliləməsi üçün də mühüm zəmin idi.
Səhəri gün isə televiziya ilə xalqa müraciət edən Ali Baş Komandan Qubadlı şəhərinin, eləcə də Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndlərinin işğaldan azad olunduğunu bildirdi. Bu, Vətən müharibəsi gedişində dövlət başçısının xalqa qalibiyyət müjdəli beşinci müraciəti idi.
Qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncamla 25 oktyabr Qubadlı Şəhəri Günü kimi təqvimimizə daxil olub...