Oktyabrın 26-da Böyük Qayıdış Proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç gerçəkləşib. Bu dəfə 17 ailə (95 nəfər) doğma yurda qayıdıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, Bakıdan yola salınan keçmiş məcburi köçkünləri Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Dövlət Komitəsi nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.
Qeyd edək ki, Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndinə sakinlərin köçü 2022-ci ilin yayında başlayıb. Ötən müddətdə kəndə ümumilikdə 150 ailə (744 nəfər) köçürülüb.
Köçürülən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və digər imkanlar mövcuddur.
Oktyabrın 28-də də Ağalı kəndinə növbəti köç olacaq. Bu dəfə 24 ailə doğma yurduna qayıdacaq.