Azərbaycanın turizm imkanları 26-29 oktyabr il tarixlərində Yaponiyanın Osaka şəhərində keçirilən “Yaponiya Expo Turizm” sərgisində (Tourism Expo Japan – 2023) tanıdılır.
Sərgi iştirakçılarına ölkəmizin malik olduğu mədəni, təbiət, sağlamlıq, işgüzar turizm imkanları, eləcə də şərabçılıq ənənəsi və qastronomiyası haqqında məlumat verilir.
Sərginin ilk günü Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Gerso Travel”, “Asia Travel” və “ENC Tours” turizm şirkətlərinin nümayəndələri ilə Osaka Turizm Bürosu, Yaponiya Səyahət Agentlikləri Assosiasiyası və Yaponiyanın tanınmış turizm agentlikləri arasında görüşlər təşkil olunur, əməkdaşlığa dair müzakirələr aparılır. Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də milli stendi ziyarət edərək sərginin gedişatı ilə tanış olub.
Qeyd edək ki, 2022-ci ildə Dövlət Turizm Agentliyi ilə Yaponiya Turizm Agentliyi arasında əməkdaşlıq üzrə memorandum imzalanıb. Memorandumda beynəlxalq turizm sərgiləri və digər tədbirlərdə qarşılıqlı iştirakın dəstəklənməsi də nəzərdə tutulub.
Bu il 9-cu dəfə keçirilən “Tourism Expo Japan” Asiya regionu üzrə əsas turizm platformalarından biri hesab olunur.