Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ildə elan edilmiş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalib işlərindən olan “Tarix” filmi növbəti beynəlxalq festivalda ölkəmizi təmsil edəcək.
Ceyhun Türksoyun lentə aldığı qısametrajlı animasiya filmi Portuqaliyanın Espinho şəhərində 13-19 noyabr tarixlərində keçiriləcək 47-ci “CINANIMA” beynəlxalq festivalının “Böyük panorama” proqramında yer alıb.
Festival çərçivəsində “Tarix” filminin Portuqaliya məktəblərində azyaşlı uşaqlar üçün nümayişi də təşkil olunacaq.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “OB FILM” tərəfindən 2022-ci ildə istehsal olunmuş ekran əsərinin quruluşçu rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.
Film birinci Qarabağ müharibəsindən sonrakı dövrdə doğulan, ötən illər ərzində Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən oğlanın hekayəsidir.
Qeyd edək ki, “Tarix” filmi bundan əvvəl Hindistan, Filippin, Xorvatiya və Qazaxıstanda festivallarda nümayiş olunub, uğur qazanıb.