Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü tamam olur. Bu münasibətlə kitabxanalar sərgi və təqdimatlar hazırlayıblar.

Milli Kitabxananın əməkdaşları tərəfindən “Türkiyə Cümhuriyyəti 100” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Türkiyə Cümhuriyyəti ilə bağlı fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Türkiyənin dövlət siyasətini, ölkələrimizin mədəni əməkdaşlığını, diplomatik əlaqələrini, qardaş ölkənin mədəniyyətini və incəsənətini əks etdirən kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.

Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin quruluşunun 100 ili tamam olur.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar qardaş xalqın qəhrəmanlıq, şücaət və fəxarət dolu tarixindən bəhs edən geniş videomaterial hazırlanıb.

Kitabxanadan bildirilib ki, hazırlanan materialda bu əlamətdar tarixin bütün Türk dünyası üçün qürur mənbəyi olduğu vurğulanır.

Videomaterialda son yüzillikdə Türkiyənin bütün Türk dünyası üçün qürurverici tərəqqi yolu keçməsindən, həyatın bütün sahələrində inamlı addımlar ilə irəliləməsindən bəhs edilir.

Eyni zamanda, əsrlərə arxalanan Azərbaycan-Türkiyə qardaşlığından, tarixin müxtəlif sınaqlarında bu iki ölkənin qarşısına çıxan maneələrdə bir-birilərinə dəstək olmaları, bu çətinliklər qarşısında daima nümayiş etdirdikləri məğrur, sarsılmaz mövqe haqqında geniş məlumat verilir.

“Cümhuriyyətin mübarək, qardaş Türkiyə” adlı videomaterialda tarixə adlarını qızıl hərflərlə yazan dünyaşöhrətli şəxsiyyətlər - Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu, müdrik siyasəti haqqında məlumat verilir, iki liderin müstəqillik, türk qardaşlığı, dostluğu və həmrəyliyi mövzusunda söylədikləri dəyərli fikirlər yer alır.

Türkiyə Cümhuriyyəti ilə bağlanan ikitərəfli müqavilələr, beynəlxalq aləmdə iki dövlətin birgə səylərinin bariz nümunəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında da məlumat öz əksini tapır.

Qeyd edək ki, “Cümhuriyyətin mübarək, qardaş Türkiyə” adlı videomaterial ilə bu linkdən tanış olmaq olar.