Oktyabrın 27-də Azərbaycan Mətbuat Şurasında Əməkdar jurnalist, yazıçı-publisist, Prezidentin fərdi təqaüdçüsü Flora Xəlilzadənin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid yubilyarın müxtəlif media orqanlarında, o cümlədən İctimai Televiziyada və hazırda çalışdığı Azərbaycan Televiziyasında fəaliyyətini diqqətə çatdıraraq, onu ömrünü peşəsinə həsr etmiş fədakarlıq örnəyi kimi dəyərləndirib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli bildirib ki, F.Xəlilzadə müasir dövr Azərbaycan jurnalistikasına ciddilik qazandıran müəllifdir.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli yubilyarın söz və sənət dünyamıza ehtiramından bəhs edib.
Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, tənqidçi və ədəbiyyatşünas Əsəd Cahangir, Əməkdar jurnalistlər Zemfira Məhərrəmli, Qərənfil Dünyaminqızı, Zöhrə Əliyeva, Səadət Məmmədova, Əminə Yusifqızı, Rəhim Hüseynzadə, Akif Aşırlı və digər çıxış edənlər F.Xəlilzadənin jurnalist, yazıçı kimi fəaliyyətindən söz açıb, yubilyara təbrik və ürək sözlərini çatdırıblar.