Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya Komissiyasının iclasları keçirilib.

19-26 oktyabr tarixlərində nazir müavini Səadət Yusifovanın sədrliyi, komissiyanın üzvləri – nazirin müşavirləri Cahangir Səlimxanov və Oleq Əmirbəyov, İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov, Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov və Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimovanın iştirakı ilə 47 namizədin nəticələrinə yenidən baxılıb.

Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilib, müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunub. Sonda komissiya üzvlərinin səsverməsinə əsasən müvafiq qərarlar qəbul edilib.

Qərarlara əsasən, 9 nəfərin – Şahbazlı Tamira Arzu qızı (30 bal), Əlləzova Sevinc Nadir qızı (25 bal), Abduləzimova Nazdı Azad qızı (21 bal), Eyvazova Ülkər Coşqun qızı (21 bal), Səfərova Vüsalə Əyyub qızı (21 bal), Qurbanova Aynur Yunis qızı (21 bal), İsgəndərov Fərid Rizvan oğlu (21 bal), Eynullayeva Turan Nadir qızı (21 bal) və Möyləyeva Gülsüm Vüsal qızının (21 bal) əvvəl keçirilmiş müsahibə nəticələrinə dair müraciətləri təmin edilib.

38 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.