Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub

 

Xəbər verdiyimiz kimi, oktyabrın 27-də Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması mərasimi keçirilib. Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mərasimdə iştirak ediblər.

Mərasimdə çıxış edən Əli Əsədov Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amilin tarixi köklərə söykənən mədəni əlaqələr olduğunu vurğulayıb. Bildirib ki, həm Azərbaycanda, həm də Gürcüstanda tarixən xalqlarımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dilinə, dininə, incəsənətinə, ədəbiyyatına böyük hörmət və xüsusi rəğbət bəslənilib. Azərbaycanın Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh kimi ədəbiyyat xadimləri Gürcüstanda yaşayıb-yaratmış, əbədiyyətə qovuşmuşlar. Qeyd olunub ki, XIX əsrin 70-ci illərində Tiflisdə peşəkar Azərbaycan teatrının fəaliyyətə başlaması da xalqlarımız arasında mədəni əlaqələrin daha bir göstəricisidir.

“Teatrın uzunmüddətli fəaliyyəti dövründə gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri böyük uğurla səhnələşdirilib. Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir. Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk”, – deyə o vurğulayıb.

Baş nazir Əli Əsədov diqqətə çatdırıb ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Gürcüstana və gürcü xalqına böyük hörmət bəsləmiş, xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Dəfələrlə Gürcüstanda səfərdə olmuş Heydər Əliyevin Gürcüstanın ovaxtkı rəhbəri mərhum Eduard Şevardnadze ilə qarşılıqlı etimada əsaslanan möhkəm dostluq münasibətlərini hamımız yaxşı xatırlayırıq. Məhz onların liderliyi sayəsində ölkələrimizin siyasi, iqtisadi, mədəni-humanitar və bütün digər sahələrdə münasibətlərinin inkişafının möhkəm təməlləri qoyulmuşdur. Hər iki liderin siyasi karyerası unikallığı ilə seçilirdi və oxşar tarixi hadisələrlə yadda qalmışdır. Belə ki, onlar ikinci dəfə öz xalqlarının tələbi ilə artıq müstəqil dövlətin rəhbəri kimi siyasi fəaliyyətlərini davam etdirmişlər. Ölkələrinə rəhbərlik dövründə digər sahələrlə bərabər onlar öz xalqlarının milli-mənəvi dəyərlərinə, dilinə, dininə, mədəniyyətinə, incəsənətinə, musiqisinə xüsusi diqqət, qayğı və həssaslıqla yanaşmış, bu irsin qorunması və inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməmişlər. Onu da xüsusi qeyd edim ki, Heydər Əliyev gürcü incəsənətinin, ədəbiyyatının, musiqisinin, kinosunun böyük pərəstişkarı idi”.

Bu mehriban münasibətlərin iki ölkənin rəhbərliyi tərəfindən davam etdirildiyini deyən Əli Əsədov ümidvar olduğunu bildirib ki, yeni binasının təməli qoyulan teatrın peşəkar kollektivi də burada yaradılacaq gözəl şəraitdən layiqincə istifadə edəcək, yeni layihələrlə və tamaşalarla Tbilisinin mədəni həyatında fəal rol oynayacaq, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcək: “Əminəm ki, bu teatr mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl şəkildə sintez edən Tbilisi şəhərinin görkəminə xüsusi gözəllik verəcək və Gürcüstan paytaxtının mədəni ocağına çevriləcək. Əlamətdar haldır ki, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət ocağının yeni binasının təməlqoyması məhz cari ilə – Azərbaycan xalqının Ümummilli liderinin anadan olmasının 100-cü ildönümünə təsadüf edir...”.

Azərbaycanda da Gürcüstanın görkəmli şəxsiyyətlərinin xatirəsinə böyük hörmət və ehtiramla yanaşıldığını qeyd edən Baş nazir Əli Əsədov bu günlərdə Gəncədə görkəmli gürcü şairi Nikoloz Barataşvilinin bir zamanlar yaşayıb-yaratdığı və çalışdığı binanın önünə xatirə lövhəsinin vurulduğunu, Qax rayonunda fəaliyyət göstərən Gürcü Dövlət Dram Teatrına böyük gürcü ədibi İlya Çavçavadzenin adının verildiyini xatırladıb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki,  Gürcüstanda Azərbaycan teatrının böyük tarixi var. “Bu gün hamımız sevinirik ki, teatrın yeni, müasir binasının təməli qoyulacaq və tezliklə daha əzəmətli bina tikiləcək. Bununla da paytaxtımızın mədəni həyatına daha bir əlamətdar məkan əlavə olunacaq. Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması Gürcüstan və Azərbaycan arasında möhkəm dostluğun və əməkdaşlığın sübutudur”, – deyə o əlavə edib.

Çıxışlardan sonra iki ölkənin Baş naziri tərəfindən binanın təməlinə simvolik kapsul atılıb.

Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmilər iştirak ediblər.