Bakıdakı Rus Evində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun (1933-2019) anadan olmasının 90 illiyinə həsr olunmuş konsert keçirilib. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təşkil edilib.

Bakıdakı Rus Evinin nümayəndəsi Dmitri Yeqorov tədbirə toplaşanları salamlayıb.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi, BMA-nın professoru Zemfira Qafarova çıxışında Arif Məlikovun musiqi sənətimizin inkişafındakı tarixi xidmətlərini qeyd edib.

Aytən İbrahimovanın bəstəkarın yaradıcılığına həsr olunmuş tədqiqat işi barədə məlumat verilib.

Çıxışlarda Arif Məlikovun istedadının çoxşaxəliliyi, o cümlədən təsviri sənət və poeziya sahəsindəki yaradıcılığının maraqlı faktları, eləcə də bəstəkarlıq yaradıcılığındakı yenilikləri və özünəməxsusluğu haqqında söz açılıb. Ümummilli lider Heydər Əliyevin musiqiçinin həyatında rolu, onların səmimi dostluq münasibətləri vurğulanıb. Diqqətə çatdırılıb ki, Arif Məlikov simfoniyalarından birini Heydər Əliyevə həsr edib.

Konsert proqramında Əməkdar artist Aleksey Miltıx, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Renata Əbubəkirova, BMA-nın müəllimi Nərgiz Kəngərli, BMA-nın məktəb-studiyasının müəllimləri Ofeliya Axundova və Nuranə Zeynalova, beynəlxalq müsabiqələr laureatı Emil Malıgin, eləcə də Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbəsi Rəna Mirağayeva və konsertmeyster Sevinc Kərimovanın ifaları təqdim olunub.