“Ədibin evi” Ədəbiyyata Dəstək Fondu noyabrın 1-dən Mir Cəlal adına IV Hekayə Müsabiqəsi elan edib.

“Ədibin evi”ndən bildirilib ki, 2024-cü il martın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır.

2017-ci ildə təsis edilən müsabiqəyə bu günə qədər 11000-dən çox hekayə təqdim olunub. Ədəbiyyatda hekayə janrına son zamanlar artan marağı nəzərə alaraq iki ildən bir keçirilən müsabiqə bu ildən başlayaraq hər il keçiriləcək.

Müsabiqənin şərtləri dəyişməz qalır. Təqdim edilən hekayələr Azərbaycan dilində yazılmalı, həcmi 1500 sözdən çox olmamalı, yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalıdır. Əsərlər müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə 2024-cü il martın 1-dək edibinevi@gmail.com ünvanına göndərilməlidir.

Hekayələrin mövzusu sərbəstdir. Müsabiqəyə 2024-cü ilin aprel ayının sonunda yekun vurulacaq. Mükafat fondu 1-ci yer üçün 3000 manat, 2-ci yer üçün (2 nəfər) 2000, 3-cü yer üçün (3 nəfər) 1000 manat nəzərdə tutulub.

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur.