Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərindən və Kərkicahan qəsəbəsindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.
Dövlət Komitəsindən verilən xəbərə görə, Gəncə şəhərində keçirilən görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımızın erməni işğalından azad olunduğu, o cümlədən bütün Qarabağ ərazisində suverenliyimizin bərpa edildiyi qürur hiss ilə vurğulanıb.
İşğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması istiqamətində irimiqyaslı layihələrin həyata keçirildiyi, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıdışının təmin edilməsi üçün zəruri tədbirlərin icra edildiyi bildirilib. Xankəndidən məcburi köçkün düşmüş soydaşlarımızın da tezliklə doğma yurdlarına qayıdacağı, Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlərin onları da əhatə edəcəyi diqqətə çatdırılıb.
Xankəndiyə qayıtmağa, yenidən tarixi yurd yerlərində yaşamağa hazır olduqlarını deyən sakinlər işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenliyinin bərpa edilməsinə görə dövlətimizin başçısına və rəşadətli silahlı qüvvələrimizin mənsublarına minnətdarlıq bildirib, xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.
Görüşdə Xankəndidən olan məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar iştirak edib, qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.