Qarabağ iqtisadi rayonunda daha 4 şəhərin yeni baş planları üzərində işlər başlanıb. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 7 şəhərin baş planları üzərində iş gedir.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bunu oktyabrın 31-də İstanbulda keçirilən Dünya Məskunlaşma Günü ilə bağlı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində otuz ilə yaxın işğal altında qalmış ərazilərin azad edilməsi daha işıqlı sabaha sarsılmaz sadiqliyimizin parlaq bəyanıdır. Hazırda işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işləri görülür.
Komitə sədri bildirib ki, ümumilikdə ölkə üzrə şəhərsalma baxımından işlər Azərbaycanın 79 şəhərini və 4000-dən çox qəsəbə və kəndini əhatə edir. Son 15 il ərzində 68 şəhər üçün yeni baş planlar hazırlamışıq. Başqa sözlə, şəhərlərimizin demək olar ki, 90%-i üçün artıq yeni müasir baş planlar hazırlanıb.