Azərbaycan musiqi mədəniyyətinin aktual məsələləri üç gün ərzində müzakirə olundu

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində 29-31 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə Musiqi Forumu keçirildi.

Ulu öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin hərtərəfli inkişafını diqqətdə saxlayıb, tarixi-mədəni irsimizin qorunması və təbliği istiqamətində əhəmiyyətli addımlar atılıb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən bu il təşkil olunan teatr, kino, Azərbaycan dili və ədəbiyyatı, həmçinin musiqi forumları dahi siyasətçinin adı ilə şərəflənən əlamətdar ilə mühüm töhfə, Ümummilli liderin əziz xatirəsinə ehtiramın ifadəsidir.

Musiqi Forumu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşdi.

Oktyabrın 29-da “Gülüstan” Sarayında forumun açılış mərasimi keçirildi. Forumun iştirakçıları tərəfindən əvvəlcə I Fəxri xiyabanda mədəniyyətimizin böyük himayədarı olmuş Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olundu, məzarın önünə gül dəstələri düzüldü, xatirəsi ehtiramla yad edildi. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edildi.

Sonra I Fəxri xiyabanda dahi Üzeyir Hacıbəyli, Qara Qarayev başda olmaqla görkəmli musiqi xadimlərinin də məzarları ziyarət olundu.

Forumun açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak edirdilər.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamladı. Qeyd etdi ki, il ərzində Ulu öndərin 100 illiyinə həsr olunmuş teatr, kino və Azərbaycan dili və ədəbiyyatı forumları keçirilib. Bu gün isə ölkəmizdə ilk dəfə olaraq Musiqi Forumu təşkil edilir: “Bildiyiniz kimi, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik qərarları nəticəsində ölkəmizin mədəni həyatında köklü dəyişikliklər baş verib. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi hər iki dövrdə bütün sahələrlə yanaşı, musiqi sənətinə də xüsusi qayğı və diqqət göstərib. Onun peşəkar musiqinin inkişafı ilə bağlı imzaladığı sənədlər, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı bu gün də öz bəhrəsini verir. Ona görə də Ulu öndərin 100 illiyi çərçivəsində Musiqi Forumunun təşkil edilməsinin çox böyük önəmi var”.

Nazir bildirdi ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan mədəniyyəti yeni mərhələyə qədəm qoyub: “Ölkəmiz mədəniyyəti, xüsusilə musiqisi ilə beynəlxalq aləmdə tanınıb. Milli mədəni dəyərlərimizin dünya miqyasında təbliği və tanıdılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən işlər xüsusilə diqqətəlayiqdir. 2003-cü ildə Azərbaycan musiqisinin ən dəyərli incilərindən olan muğam sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına salınaraq bəşəriyyətin incisi adını qazanıb”.

Musiqi Forumunun əhəmiyyətinə toxunan nazir vurğuladı ki, tədbir çərçivəsində ölkəmizin tanınmış musiqi xadimləri ilə yanaşı, xaricdən dəvət olunmuş qonaqların da bu sahənin çağdaş vəziyyəti ilə bağlı fikirləri dinləniləcək, fikir mübadiləsi aparılacaq. Forum günlərində Azərbaycan milli musiqi ənənələrinin yaşadılması, dünyaya tanıdılması ilə bağlı məsələlər də diqqət mərkəzində olacaq. Forumda səsləndirilən təkliflər ümumiləşdiriləcək, təhlil ediləcək və “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.

Adil Kərimli çıxışının sonunda forumun təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi, tədbirin işinə uğurlar arzuladı.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru Xalq artisti Fərhad Bədəlbəyli mədəniyyətin təbliğində musiqinin önəmini qeyd etdi. Söylədi ki, musiqiçilərimiz bu gün bütün dünyada ölkəmizi uğurla təmsil edirlər.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə çıxışında irihəcmli və akademik əsərlərə böyük ehtiyac duyulduğunu dedi. O, ümidvar olduğunu bildirdi ki, bu qəbildən tədbirlər musiqi sahəsinin inkişafına öz töhfəsini verəcək.

Çıxışlardan sonra Azərbaycan musiqisinin inkişaf yolunu özündə ehtiva edən videoçarx nümayiş olundu.

Açılış mərasimindən sonra forum işini panel müzakirələrlə davam etdirdi.

 

Azərbaycanda musiqi təhsili: bəstəkarlıq və ifaçılıq məktəbləri

 

Forumun birinci günündə keçirilən ilk panel iclası “Azərbaycanda musiqi təhsili: bəstəkarlıq və ifaçılıq məktəbləri” adlanırdı. Paneldə “Ölkədəki musiqi təhsil sisteminin nailiyyətləri və çətinlikləri”, “Ali musiqi təhsili: yeni peşə yönümləri və ixtisaslaşmalar tələbi qarşısında”, “Bəstəkar musiqisinin ifaçılıq problemləri: aktual problemlər və onların həlli yolları”, “Musiqi repertuarının zənginləşdirilməsi və bəstəkarlara dövlət sifarişləri” və “Azərbaycanda bəstəkar musiqisinin nəşri, səs yazısı və yayımlanma problemləri” mövzuları müzakirə olundu.

Panelin moderatoru bəstəkar, “Cadenza” kamera orkestrinin bədii rəhbəri Türkər Qasımzadə Üzeyir bəyin “Biz necə iş görürük?” lətifə-felyetonunu xatırlatmaqla sözə başladı. O, kiçik məqamlara diqqət yetirmədən böyük problemlərin həllinin mümkün olmadığını vurğuladı.

Sonra söz musiqişünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovaya verildi. Rektor orta məktəb proqramlarında musiqi təhsilinin səviyyəsinə toxunaraq şagirdlərin xor məşğələlərinə cəlb edilməsinin vacibliyini belə əsaslandırdı ki, xor istedadından asılı olmayaraq hər kəs üçün əlçatan musiqi məşğuliyyətidir.

Növbəti spiker – musiqişünas, Əməkdar müəllim, Bakı şəhər Fikrət Əmirov adına 6 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Adilə Yusifova musiqi məktəblərində türk xalqlarının musiqi tarixinin öyrənilməsinin vacibliyini nəzərə çatdırdı.

Bəstəkar, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcov Üzeyir bəyin milli musiqiçi kadrların yetişdirilməsi sahəsində gördüyü işləri yada saldı.

Elm və Təhsil Nazirliyi Elm sektorunun müdiri Turxan Süleyman isə çıxışında orta ixtisas və ali musiqi təhsili, mütəxəssis hazırlığının meyarları barədə məlumat verdi.

Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev yeni səhnə əsərlərinin dövlət tərəfindən satınalınması, əsərlərin not yazılarının bərpası və yenidən nəşri probleminə toxundu.

Birinci paneldə son çıxış edən bəstəkar-pedaqoq Tahir İbişov musiqi məktəblərində təhsil sisteminin yenilənməsi, orta məktəblərdə musiqi fənninə dırnaqarası münasibətin bəzi hallarda hələ də davam etməsindən narahatlığını dilə gətirdi.

Sonra paneldə qaldırılmış mövzular ətrafında müzakirələr aparıldı.

Müzakirələrdə klassik mahnı nümunələrinin geniş təbliğinə ehtiyac olduğu vurğulandı. Həmçinin yeni musiqi əsərlərinin dövlət tərəfindən alınması ənənələrinin bərpası təklifi və s. problemlər gündəmə gətirildi.

 

Ənənəvi musiqi janrlarına münasibət necədir?

 

Forum oktyabrın 29-da günün ikinci yarısında “Ənənəvi musiqi janrları” mövzusunda növbəti panellə işini davam etdirdi.

Paneldə “Muğam sənəti: dəsgah ənənəsi və sərbəst kompozisiya”, “Aşıq musiqisi ənənələrinin canlandırılması yolları”, “Ənənəvi musiqi nümunələrinin toplanması və sistemləşdirilməsi problemləri”, “Ənənəvi musiqi ifaçılığında problemlər və onların dəyərləndirilməsi”, “Azərbaycan milli musiqi ənənələrinin müasir musiqi janrlarında mövcudluğu və problemlər” mövzularında müzakirələr aparıldı.

Musiqişünas, “Media FM” radiosunun direktoru Rüstəm Əliyevin moderatorluğu ilə gerçəkləşən paneldə bəstəkar, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru professor Siyavuş Kərimi ibtidai musiqi təhsili, orta ixtisas musiqi məktəblərindən gələn tələbələrin potensialı barədə söz açdı. Ölkəmizdə müasir tələblərə cavab verən səsyazma studiyalarının olmadığını diqqətə çatdırdı, kadrların işlə təminatı, konsertlərin təşkili məsələlərindən danışdı. Qeyd etdi ki, Azərbaycandan fərqli olaraq keçmiş ittifaq respublikalarının bir çoxunda konsert birlikləri fəaliyyətini davam etdirir. Ölkəmizdə belə bir qurumun fəaliyyətinə ehtiyac var.

Musiqişünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi professor Nailə Rəhimbəyli aşıq yaradıcılığı, onun müasir dövrə, yeni yaradıcı düşüncəyə inteqrasiyası barədə danışdı. Ustad-şagird münasibətlərinin əhəmiyyətini vurğulayan alim aşıq sənəti ilə bağlı tədris vəsaitlərinin azlığına diqqət çəkdi.

AMK-nın professoru, musiqişünas, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə ənənəvi musiqi janrları, folklor nümunələrinin toplanılması və sistemləşdirilməsi məsələlərindən bəhs etdi.

UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas, Əməkdar incəsənət xadimi Sənubər Bağırova muğam sənəti, onun araşdırılması və müasir vəziyyətindən söz açdı. O, müasir muğam və aşıq sənətlərinin inkişafı ilə bağlı məsələlərin həlli istiqamətində müvafiq addımların atılmasının vacibliyini vurğuladı.

AMK-nın dosenti, ozan Fəxrəddin Baxşəliyev (Salim) aşıq və muğam sənətlərinin incəsənətə çevrildiyini vurğuladı, bu sahələrin fəlsəfəsinin açılmasının əhəmiyyətini qeyd etdi.

Xanəndə, Əməkdar artist Nuriyyə Hüseynova muğamların tədrisi məsələlərinə nəzər saldı, bu barədə təkliflərini dilə gətirdi.

Bəstəkar Pikə Axundova muğamşünaslığın qarşısında duran vəzifələrdən söz açdı.

Çıxışlardan sonra suallar cavablandırıldı, fikir mübadiləsi aparıldı.

 

Milli musiqi sənayesinin inkişaf məsələləri

 

Musiqi Forumunun oktyabrın 30-da gerçəkləşən ilk paneli “Milli musiqi sənayesinin inkişafı” mövzusuna həsr olunmuşdu.

Pianoçu, “Gamma group” şirkətinin direktoru Zəhra Bədəlbəylinin moderator olduğu paneldə musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları, musiqi sənayesində əqli mülkiyyət hüquqları, dinləyici kütləsinin cəlb olunması yolları və alternativ və underground musiqi cərəyanlarının perspektivləri (rok, rep, meyxana və s.) kimi məsələlər ətrafında çıxışlar dinlənildi.

Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli əqli mülkiyyət, musiqi əsərlərinin satınalınması məsələlərindən danışdı.

“Xəzər” TV-nin prezidenti, “M Group Production” şirkətinin rəhbəri Xalq artisti Murad Dadaşov televiziyanın kütlənin zövqünə təsir imkanları və yaradıcılıq sənayesinin tənzimlənməsi mexanizmlərindən bəhs etdi.

Bəstəkar, Əməkdar artist Rain Sultanov musiqi təhsili ocaqlarında əsas ixtisaslarla yanaşı, prodüser, marketinq-menecment üzrə də mütəxəssislərin hazırlanmasının vacibliyini vurğuladı.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Apeks Advayzers” hüquq şirkətinin təsisçisi Nazlı Əhmədova milli musiqi sənayesinin inkişafının hüquqi aspektlərini, müəlliflik məsələsi ilə bağlı fikirlərini bölüşdü.

Bəstəkar, pianoçu İsa Məlikov musiqi təhsilində təcrübəli mütəxəssislərin çatışmazlığı məsələsini gündəmə gətirdi. Bunun üçün dünyada qəbul edilmiş mütərəqqi sistemlərin ölkəmizdə də tətbiqinin zəruri olduğunu söylədi.

Prodüser və televiziya aparıcısı Emin Əfəndi qeyd etdi ki, musiqi və ifaçıların olması hələ bu sahədə sənayenin mövcudluğuna dəlalət etmir. Bir çox hallarda bu sahənin meyarları toy bazarı ilə tənzimlənir.

Sonra tədbir iştirakçılarının sualları cavablandırıldı.

 

Milli mədəni ənənələrin qlobal miqyasda təbliği

 

Oktyabrın 30-da günün ikinci yarısında “Milli mədəni ənənələrin qlobal miqyasda təbliği” mövzusunda forumun IV paneli gerçəkləşdi.

Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun moderatorluğu ilə keçən iclasda Türkiyədən Efruz Çakırkaya (İstanbul musiqi festivalının direktoru), Rusiyanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin, “K2İD Productions” (Yunanıstan) şirkətinin rəhbəri İlias Kokotos və Danimarkadan Karolina Vallejo (“Real World Music Label”in təsisçi və bədii rəhbəri) çıxış etdilər.

Akademik musiqinin təqdimatında yeni çağırışlar, multikultural cəmiyyətlərdə etnik ənənələrin qorunması, bu günün musiqi ənənələri: hamar ötürülmə, yaxud kəskin dəyişiklik, musiqi sənayesinin dövriyyədə olan rəqəmsal vasitələrinin tətbiqində yaranan təmayüllər, qlobal mədəniyyət mübadiləsində Azərbaycan musiqisi və musiqiçilərinin iştirak perspektivləri: kənardan baxış mövzuları diqqət mərkəzinə gətirildi.

Efruz Çakırkaya klassik musiqi ənənəsi və tamaşaçının bu musiqiyə marağının artırılması məsələlərindən söz açdı, rəhbərlik etdiyi İstanbul musiqi festivalının tarixi və fəaliyyəti haqqında məlumat verdi.

Baletmeyster Ruslan Pronin Azərbaycan xoreoqrafiya məktəbinin köklü ənənələrə malik olduğunu bildirdi, bu sənətin beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl addımlar atılmasının əhəmiyyətini vurğuladı.

Almaniyadan musiqiçi və musiqi meneceri Nikolas Rexroth ölkəsində 240 peşəkar musiqi təsisatının olduğunu dedi, təkcə Berlində 7 böyük simfonik orkestrin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Bildirdi ki, bu təsisatların əksəriyyəti dövlət tərəfindən maliyyələşir. O, pandemiyadan sonra mədəni layihələrin təbliğatı, klassik musiqiyə marağın artırılması istiqamətində marketinqin tətbiqi üsulları, dizayn, afişa təqdimatı, habelə konsertlər üçün uğurlu məkan seçimi kimi məsələlərə də toxundu.

Yunanıstanlı qonaq spiker İ.Kokotos “Avroviziya” mahnı müsabiqəsi ilə məşhurlaşan təşkilatlarının fəaliyyətindən söz açdı. Dedi ki, “K2İD Productions” müsabiqə üçün iştirakçıları təşviq etməklə məşğul olur.

Böyük Britaniyadan Linda Riçardson musiqi təhsili sahəsindəki yeniliklərlə bağlı məruzə etdi. Musiqi təhsilində innovasiyalar, bu sahəyə dəstək üçün maliyyə mənbələri və şagirdlərin təqaüdlə təmin edilmələri ilə bağlı məlumat verdi. Təhsildə beynəlxalq təcrübə, yeni çağırışlar istiqamətində atılan addımların əhəmiyyəti vurğulandı.

Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.

 

Musiqişünaslıq araşdırmalar kəsişməsində

 

Oktyabrın 31-də, forumun sonuncu iş günündə “Azərbaycan musiqişünaslığı araşdırmalar kəsişməsində” mövzusunda panel iclası keçirildi.

Musiqişünas, Beynəlxalq Musiqi Şurası Azərbaycan şöbəsinin sədri Nigar Axundovanın moderatorluğu ilə gerçəkləşən paneldə “Azərbaycan musiqi elminin inkişaf istiqamətləri: strategiya və taktika”, “Mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan musiqişünaslığının rolu”, “Azərbaycanda musiqi tənqidi və jurnalistikası: mövcud problemlər” və “Müasir dövrdə musiqi sosiologiyası” mövzuları üzrə çıxışlar dinlənildi.

AMK-nın elmi işlər üzrə prorektoru Əməkdar incəsənət xadimi Lalə Hüseynova milli musiqi elminin inkişafından danışarkən təmsil etdiyi təhsil ocağının təcrübəsindən söz açdı. O, şərqşünas, musiqişünas kadrların əksəriyyətinin artıq yaşlı nəslin nümayəndələri olduğunu dedi: “Musiqişünas olmaq istəyən gənclərin arasında ingilis dilini bilənlər var. Ancaq zəngin elmi ədəbiyyatın olduğu rus dilini bilənlər azdır. Buna görə də elmi ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi zəruridir”.

Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi Zemfira Qafarova musiqişünas əməyinin maddi baxımdan qiymətləndirilməsinin vacibliyinə toxundu. Musiqinin təbliğində böyük ənənələrin yaşadılmasının rolunu qeyd edən Z.Qafarova Azərbaycan Televiziyasında Əfsər Cavanşirovun yaratdığı “Bənövşə” uşaq xorunun ləğv edilməsindən təəssüfləndiyini dilə gətirdi.

“Musiqi dünyası” jurnalının baş redaktoru, BMA-nın Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Əməkdar incəsənət xadimi Tariyel Məmmədov xanəndə və ifaçıların illər öncə lentə alınmış səs yazılarının bərpası, elektron daşıyıcılara köçürülməsi və təbliğinin zəruri olduğunu diqqətə çatdırdı. O, dövlət dəstəyi ilə “milli yaddaş institutu”nun təsis edilməsi təklifini də səsləndirdi.

Növbəti spiker, ADMİU-nun Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə son illər musiqi sahəsi ilə bağlı elmi-tədqiqat əsərlərinin əksəriyyətinin dövrün tələblərindən geri qaldığını, tədqiqdən daha çox təsvirdən ibarət olduğunu vurğuladı. K.Dadaşzadə ölkəmizdə musiqi elminin vahid inkişaf konsepsiyasının hazırlanmasını vacib hesab etdiyini bildirdi.

BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının müdiri professor Könül Nəsirova musiqişünas kadrların hazırlanması problemlərinə diqqəti çəkdi. Qeyd etdi ki, biz yalnız Azərbaycan Respublikası ərazisində yaranan musiqi əsərlərini araşdırmaqla məşğul olmamalıyıq. Bununla Azərbaycan musiqi mühitinin simasını aydın təsəvvür etmək mümkün deyil.

Musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxışında musiqi mədəniyyətinin təbliği məsələlərinə toxundu. Elmi nəşrlərin mövcudluğunu müsbət qiymətləndirən alim daha geniş auditoriyaya hesablanmış elmi-kütləvi nəşrlərin də olmasının zəruriliyini qeyd etdi. O, gənc musiqişünaslara stimul yaradılması məsələsinə də toxunaraq bu sahədə araşdırma aparmaq istəyənlərin məqalə yazmağa həvəssiz olduqlarını, söz ehtiyatlarının kasadlığını diqqətə çatdırdı.

Çıxışlardan sonra iştirakçıların sualları ətrafında müzakirələr aparıldı.

 

Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları

 

Forum oktyabrın 31-də “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” mövzusunda VI panel iclası ilə işini başa vurdu.

Xoreoqraf Akif Kərimlinin moderator olduğu sonuncu paneldə “Milli rəqs ənənələrinin qorunması və təhrif olunma təhlükələrinə müqavimət”, “Rəqs təbliğatı infrastrukturunun təkmilləşdirilməsi”, “Azərbaycanda müasir rəqs sistemlərinin tətbiq olunması: imkanlar və problemlər”, “Rəqqas peşəsinə yönləndirmə: təhsil, karyera imkanları, sosial təminat mexanizmləri”, “Uşaq rəqs studiyaları, rəqs təlimi” kimi aktual mövzular müzakirəyə çıxarılmışdı.

Xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının rektor əvəzi Əməkdar artist Nailə Məmmədzadə rəhbərlik etdiyi tədris ocağının problemlərindən, rəqqas və balet artistlərinin sosial təminatı məsələlərindən söz açdı.

Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Xalq artisti Rüfət Xəlilzadə Azərbaycan milli rəqs sənətinin korifey isimlərini yada saldıqdan sonra müasir dövrdə milli rəqsə gətirilən “yamaq” elementlər, geyimlərdəki təhriflərə diqqət çəkdi. O, həmçinin xoreoqrafiya sahəsində çalışanların 40 yaşdan sonra pensiyaya çıxmalı olduğunu dedi. Bildirdi ki, vaxtında göstərilməyən maddi təminat gəncləri, valideynləri rəqs sənətindən uzaqlaşdırır.

Baletmeyster, Xalq artisti Mədinə Əliyeva sovet dövründə balet artistləri üçün yaradılmış şəraitin bu gün bərpasına ehtiyac olduğunu söylədi. O, Ulu öndər Heydər Əliyevin 90-cı illərdə Azərbaycan balet sənətini tənəzzüldən qurtardığını da minnətdarlıqla vurğuladı.

Musiqişünas, dosent Rauf Bəhmənli unudulmuş rəqs melodiyalarının toplanılması, rəqslərimizin plagiat və saxtakarlıqdan qorunması üçün tədbirlərin görülməsinin vacibliyini vurğuladı. Bildirdi ki, bu prosesə uşaq incəsənət məktəblərindən başlanılması məqsədəuyğun olar.

Balet artisti, Akademik Opera və Balet Teatrının direktor müavini Əməkdar artist Fərid İbrahimov dedi ki, oğlan ifaçıların orduda xidmətdən sonra səhnə formasına qayıda bilməməyi ciddi problemdir. Bunun üçün onların hərbi ansambllarda çalışması, həmçinin BXA-da hərbi kafedranın bərpa olunması təkliflərini səsləndirdi.

Xoreoqraf Nigar İbrahimbəyli isə orta məktəblərdə 7-ci sinfədək rəqs fənninin tədris olunması təklifi ilə çıxış etdi. Dedi ki, müasir rəqs sənətinin geniş imkanları var və bu janrı milli rəqs sənəti ilə yanaşı, inkişaf etdirmək perspektivli olar.

Çıxışlar ətrafında müzakirələr aparıldı. BXA-nın müəllimi Sevda Axundova, BMA-nın rektoru Fərhad Bədəlbəyli, qocaman rəqs ustası, Xalq artisti Roza Cəlilova, bəstəkar, Əməkdar incəsənət xadimi Vüqar Camalzadə, BMA-nın tələbəsi Aytac Vəliyeva və başqaları mövzu üzrə suallarını səsləndirdilər, təkliflərini dilə gətirdilər.

Bununla da ölkəmizdə ilk dəfə keçirilən və üç gün davam edən Musiqi Forumu başa çatdı. Forum iştirakçıları “Gülüstan” Sarayının qarşısında ailə fotosu çəkdirdilər.

Gülcahan Mirməmməd
Həmidə Nizamiqızı
Lalə Azəri
Nurəddin Məmmədli
Foto: Həbib Hüseynov