Oktyabrın 31-də – Dünya Şəhərlər Günündə daha 55 şəhər UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə (UCCN) qoşulub.
Təşkilatın saytında yer alan məlumata görə, yeni şəhərlər inkişaf strategiyalarının bir hissəsi kimi mədəniyyət və yaradıcılıqdan istifadə etmək və insan mərkəzli şəhərsalmada innovativ təcrübələr nümayiş etdirmək üçün güclü öhdəliklərinə görə qəbul edilib. Şəbəkə hazırda yeddi yaradıcı sahəni – sənətkarlıq və xalq sənəti, dizayn, film, qastronomiya, ədəbiyyat, media və musiqini təmsil etməklə ümumilikdə 100-dən çox ölkədən 350 şəhəri əhatə edir. Siyahıya yeni daxil edilənlər sırasında Türkiyənin Şanlıurfa və Gürcüstanın Kutaisi şəhərləri də var.
UNESCO iqlim dəyişikliyi, artan bərabərsizlik, eləcə də 2050-ci ilə qədər dünya əhalisinin 68 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılan sürətli urbanizasiya kimi inkişaf edən təhlükələrə qarşı dayanıqlığını gücləndirmək üçün Şəbəkə üzvləri ilə sıx əməkdaşlıq edəcək. Təşkilatın baş direktoru Odri Azule deyib: “Yaradıcı Şəhərlər Şəbəkəsindəki şəhərlər mədəniyyətə çıxışı artırmaq, həmçinin şəhərin davamlılığı və inkişafı üçün yaradıcılığın gücünü artırmaq məsələsində öncüllük edir”.
Şəbəkəyə yeni salınan yaradıcı şəhərlər 2024-cü ilin iyulunda Portuqaliyanın Braqa şəhərində “Növbəti onillikdə gəncləri masaya gətirmək” mövzusunda keçiriləcək UCCN-in illik konfransında iştirak etməyə dəvət olunublar.
Qeyd edək ki, Azərbaycandan bu siyahıda hələlik üç şəhər var. Şəki 2017-ci ildə “sənət və sənətkarlıq” tematikası üzrə, paytaxt Bakı 2019-cu ildə “dizayn” tematikası üzrə, Lənkəran isə 2021-ci ildə “qastronomiya” tematikası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib.