Kitabla görüş yeri yenə Bakı Ekspo Mərkəzidir

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2023) keçiriləcək.

Sərgidə iştirak üçün 11 xarici ölkədən 30-dan çox təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Təşkilat komitəsində 30-dan çox təşkilatın iştirak müraciəti də nəzərdən keçirilir.

Sərgidə həmçinin Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, eləcə də əcnəbi müəlliflər iştirak edəcəklər.

Sərgi günlərində kitab təqdimatları, imza günləri, konfrans, qiraət və musiqi saatları, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır. Fəxri qonaq ölkənin kitab sənətinin və ədəbi-mədəni irsinin nümayişi məqsədilə Rusiya Federasiyası tərəfindən sərgi salonunda və Bakıdakı bir sıra mədəniyyət müəssisələrində müxtəlif formatda tədbirlər keçiriləcək. Rusiyanın tanınmış yazarları, tarixçiləri və elm adamları da sərgiyə qatılacaqlar.

Eyni zamanda Türkiyə tanınmış yazarları, elm və incəsənət xadimlərinin iştirak edəcəyi xüsusi tədbirlər proqramı ilə sərgidə təmsil olunacaq.

Xatırladaq ki, 2022-ci ildə keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonaq ölkəsi Türkiyə olmuşdu.

Ənənəvi olaraq bu dəfə də sərgi ziyarətçilərinin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək. Sərgiyə giriş də ödənişsizdir.